Qazaxıstan başlanğıcdır

Kremlin hədəfləri daha genişdir

Rusiya Qərblə mübarizədə Çinin dəstəyini almaqdadır

“Rusiyanın Ukrayna və Qazaxıstan siyasəti Qərbin siyasi ekspertlərinin və mətbuatının diqqət mərkəzindədir. Bu dairələr Rusiyada millətçi ideologiyanın  artmasına da diqqət yetirirlər”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, rus millətçiləri müharibədən danışarkən iki qələbəni xüsusilə vurğulayırlar: “Fransa imperatoru Napoleon Bonapart 1812-ci ildə 600 min nəfərlik ordu ilə Rusiya imperiyasına hücum çəkərkən qələbəyə ümid edirdi. Doğrudur, Napoleon Moskvanı ələ keçirdi, ancaq bu, qələbə demək deyildi. Napoleon Rusiya ordusuyla yanaşı bu ölkənin keçilməz yolları və sərt qışı ilə də üz-üzə qaldı, ordusunun yarısını itirdi. Bu müharibə Napoleonun çöküşünü sürətləndirdi və o, sonrakı müharibələrdə məğlub olaraq Elba adasına sürgün edildi. Rus millətçiləri ikinci nümunə kimi Alman ordusunun 1941-ci ildə SSRİ-yə qəfil hücumunu göstərirlər. 

Eyni ilə Almaniya diktatoru Adolf Hitler də Napoleon kimi qısamüddətli qələbəyə ümid edirdi. Hitlerin ordusu ilk aylarda xeyli uğur qazandı və ölkənin içərilərinə doğru irəlilədi. Ancaq Rusiyanın palçıq yolları və qışı Hitler ordusunun sürətini yavaşlatdı. Rus millətçiləri İkinci Dünya müharibəsi haqqında danışarkən, Alman faşizmi üzərindəki qələbədə SSRİ-də yaşayan bütün xalqların rolunu “unudurlar”. Rusiyanın bu gün hədəf aldığı həmin Ukrayna və ukraynalılar İkinci Dünya müharibəsində alman faşistlərlə mübarizədə ön çərgədə idilər, digər millətlərin rolu da danılmazdır”.

E.Şahinoğlu xatırladıb ki, 1991-ci ildən sonra Rusiya Çeçenistanda iki müharibə apardı. Dağıstan və Şimali Qafqazın digər bölgələrində silahlı qrupların hücumlarına məruz qaldı: “Rusiya bu təhlükələri dəf etdikdən sonra Qərbə meydan oxumağa başladı. Rusiyada 2000-ci illərin əvvəllərində hakimiyyətə gələn Vladimir Putin qərbli jurnalistin “Rusiya NATO-nun üzvü ola bilərmi” sualına belə cavab vermişdi: “Niyə də olmasın? Rusiya Avropanın bir parçasıdır”. Bu açıqlamanın üstündən illər keçdikdən sonra Putin  NATO-nu düşmən obrazında qələmə verirdi: “Hərbi alyans Şərqə doğru genişlənməməlidir, bunun qarşısını almalıyıq”. 20 il əvvəl “Rusiya Avropanın bir parçasıdır” deyən Kreml sahibi bu gün Avropaya meydan sulayır, liberalizmin sonunun gəldiyini iddia edir. Kreml bu siyasətdən çıxış edərək hərbi bloka üzvlüyə can atan Gürcüstanla Ukraynanı hədəf seçdi”.

Ekspertin fikrincə, Qazaxıstandakı son hadisələr Kremlin hədəfinin daha geniş olduğunu göstərir: “Təsadüfi deyil ki, hərbi alyansın baş katibi Stoltenberq “Rusiyaya qonşu olan bütün ölkələr təhlükə altındadır” açıqlamasını səsləndirdi. Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını NATO-nun rəqibinə çevirmək istəyir.

 Hesab edir ki, Qərbi durdurmasa, “arxa bağçasını” tədricən itirəcək. Misal üçün, Rusiyada belə bir fikir hakimdir ki, KTMT Qazaxıstana müdaxilə etməsəydi, Qərb bu ölkədə növbəti “rəngli inqilabını” həyata keçirəcəkdi. Halbuki, Qazaxıstandakı hadisələrdə Qərbin izinə rast gəlinmədi. 

Rusiya Qərblə mübarizədə Çinin dəstəyini də almaqdadır. İki dövləti strateji müttəfiq adlandırmaq mümkün olmasa da, Moskva ilə Pekinin Qərblə mübarizədə ortaq maraqları var. Hər ikisi Mərkəzi Asiyanı və bütövlükdə Avrasiya bölgəsini Qərbin təsirindən uzaq tutmağa çalışır”.