İrəvan yenə şərtlər irəli sürdü

Həmsədrləri prosesə cəlb etmək istəyən ölkələrin niyyəti bəllidir

"Mövqeyimizi sona qədər müdafiə etməli və Minsk qrupunu mümkün qədər kənarda saxlamalıyıq"

   İrəvan hökuməti növbəti dəfə ATƏT-in Minsk qrupunun “vacibliyini” gündəmə gətirib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərdən asılıdır. Onun sözlərinə görə, hökumət hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcək: “Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyü çərçivəsində həllini tapmalıyıq”. Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev ötən gün İrəvana çağırış etmişdi. O bildirmişdi ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli, bundan nəticə çıxarmalıdır: “Bakı Ermənistandan müvafiq cavablar gözləyir”. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bəyan edib ki, Moskva ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin bərpasının mümkünlüyü ilə bağlı Bakı və İrəvandan rəsmi cavab gözləyir. Rusiya rəsmisi bildirib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandatına uyğun olaraq formatın işinin davam etdirilməsinin tərəfdarıdır. O, əlavə edib ki, bu mövqeyə Rusiyanın Minsk qrupundakı tərəfdaşları olan ABŞ və Fransa da tam şərikdir. Zaxarovanın sözlərinə görə, həmsədrlər ATƏT çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirliklərinin rəhbərlərinə gələcək əməkdaşlığın gündəliyi ilə bağlı real təkliflər paketini çatdırıblar. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ münaqişəsinin başa çatdığını, problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığını bildirib. Ölkə rəhbəri əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında əvvəlki kimi birlik yoxdur: “Bu ölkələr arasında münasibətlər son vaxtlar xüsusilə gərginləşib. Düşünmürəm ki, onlar razılığa gələ bilərlər”.

Ermənistan və Rusiya rəsmilərinin yenidən ATƏT-in Minsk qrupundan danışmasını “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, həmsədrləri prosesə cəlb etmək istəyən ölkələrin niyyəti bəllidir. Partiya rəhbərinin sözlərinə görə, məqsəd Azərbaycan-Ermənistan arasındakı danışıqları maksimum uzatmaq, müzakirələri nəticəsiz etməkdir: 

“Ermənistan 10 noyabr üçtərəfli bəyanatına imza atsa da, sazişin mühüm müddəalarına indiyədək əməl etməyib. Bəzi bəndləri isə yarımçıq icra edib. Bəyanatdan bir ildən artıq zaman keçib. Sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması hələ də müzakirə müstəvisindədir. Erməni hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bir çox məqamlarda olduğu kimi həmsədrlər məsələsində də Ermənistanla Rusiyanın maraqları üst-üstə düşür. Kremlin prosesi uzatmaq, dondurmaq niyyəti indiki halda İrəvana sərf edir. Bunun da ən uyğun variantı həmsədrlik institutunu yenidən bölgəyə gətirmək və Azərbaycan-Ermənistan danışıqlarını onlara həvalə etməkdir”. 

A.Əlizadə qeyd edib ki, rəsmi Bakı ən yüksək səviyyədə Minsk qrupu ilə bağlı mövqeyini ortaya qoyub: 

“Prezident səviyyəsində dəfələrlə vurğulanıb ki, vasitəçilər müəyyən humanitar proseslərdə, sərhədlərin delimitasiya və demarkasiyasında dəstəkverici qüvvə  kimi iştirak edə bilərlər. Amma bunun üçün belə öz təkliflərini hazırlayıb təqdim etməlidirlər. Ortada 30 illik biabırçı və zərərli fəaliyyət var. Ona görə də Azərbaycan dövləti və xalqı vasitəçiləri tormozlayıcı güc kimi qəbul edir, yaxına buraxmaq istəmir. Hesab edirəm ki, mövqeyimizi sona qədər müdafiə etməli və Minsk qrupunu mümkün qədər kənarda saxlamalıyıq”.