Kreml hegemonluq iddiasından əl çəkmir



Rusiya-Gürcüstan münasibətlərinin normallaşması üçün heç bir əsas yoxdur

   Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir. Onun sözlərinə görə, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib. O vurğulayıb ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”. 

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb. Gürcüstan Rusiya tərəfindən ərazilərinin işğal edilməsi faktını önə sürərək “altılıq” platformasında iştirak etməyəcəyini söyləyib. Moskva bir müddət öncə “Gürcüstanın öz mövqeyində dəyişiklik etmədən də “3+3” formatında iştirak edə biləcəyini” bəyan etmişdi. Lavrov isə deyir ki, “Tbilisi keçmişdən dərs çıxartmalı və Kremllə ehtiyatlı davranmalıdır”. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında deyib ki, Rusiya rəhbərliyi son dövrlər küncə sıxışdırıldığının fərqindədir. Siyasi şərhçi hesab edir ki, Moskva qarşı həmlələrlə bunu gizlətməyə çalışsa da, reallıq ortadadır:

 “Lavrovun Gürcüstan haqda dedikləri Kremlin özünü təmizə çıxarmaq cəhdidir. Eyni zamanda, digər ətraf ölkələrə mesajdır ki, özlərini Rusiya ilə ehtiyatlı aparsınlar. Bir sözlə, Qərblə çox da yaxınlıq etməsinlər. Lavrovun fikirləri bir daha göstərir ki, Rusiya ətraf ölkələrə yuxarıdan aşağı baxır. Onları “kiçik” görür, Kremli ağıl verə biləcək mərtəbədə sayır. Rusiya-Gürcüstan münasibətlərinin normallaşması üçün heç bir əsas yoxdur. Moskva hələ də hegemonluq iddiasından əl çəkmir. “3+3” platforması ideya kimi yaxşı olsa da, reallaşması üçün vaxt lazımdır. Tərəflər arasında ayırıcı faktorlar çoxdur. Eyni zamanda hazırda Ukrayna ətrafında baş verən proseslərin geopolitik məkanda nə ilə nəticələnəcəyi müəmmalıdır. Amerika-Rusiya münasibətlərinin nəticəsi bir çox reallıqları dəyişə bilər. “3+3” platformasının gələcəyə yönəlik addımları bundan asılı olacaq”.