Zaxarova rus sülhməramlılarını ifşa etdi: Hərbi kontingent öz missiyasından kənara çıxır

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. 

Ekspert bildirib ki, Prezident İlham Əliyevin ölkə televiziyalarına son müsahibəsində sülhməramlıların davranışlarını tənqid etmişdi: 

"Prezidentin həm Valeri Pekresin Qarabağa qanunsuz səfərini, həm də Rusiya sülhməramlılarının bu səfərə göz yummasını tənqid etməsi yerində və düzgün idi. Məsələyə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiya verməsi də bunu bir daha sübut edir. Zaxarova məsələyə verdiyi rəsmi mövqe ilə əslində Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Rusiya sülhməramlıların şərait yaratdığını da etiraf etmiş oldu. O bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər. Zaxarova 10 noyabr bəyanatının 6-cı bəndinə istinad edir. Ancaq razılaşmanın 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur. Əgər bu olsa idi, Azərbaycan tərəfi hər dəfə xarici vətəndaşların icazəsiz səfərinə qarşı çıxmaz, narazılığını bildirməzdi. Digər tərəfdən, Prezident İlham Əliyev də dəfələrlə çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa səfər edə bilməz. Zaxarova Valeri Pekreslə bağlı əvvəlcədən rus sülhməramlılarına xəbər verilib-verilmədiyi, səfərin razılaşdırılıb-razılaşdırılmadığı barədə məsələyə aydınlıq gətirməkdən yayınıb. Halbuki Prezident İlham Əliyev ölkə televiziyalarına son müsahibəsində qeyd edib ki, “bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair”. 

Analitikə görə, bir halda ki, Zaxarovanın da dediyi kimi Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, o zaman nə üçün Kreml Pekresin Qarabağa necə və hansı yollarla gəldiyinə açıq-aydın cavab verə bilmir?:

"Zaxarova son çıxışı ilə Valeri Pekresin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib. Bir daha Rusiyanın sülhməramlı missiya adı altında Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını vurğulayıb. Bir sözlə, özünü sülhməramlı deyil, işğalçı ordu kimi apardığını təsdiqləmiş olub. Zaxarova Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir deyərək həm də Azərbaycanın laçın dəhlizinə nəzarət etmək istəməsindən rusların narahat olduğunu göstərir. Halbuki BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər. Bu o deməkdir ki, dövlət sərhədi rejimini tənzimləyən ölkə qanunlarının icrası və iqtisadi məkanın müdafiə edilməsi kimi vəzifələr sülhməramlı qüvvələrin öhdəliyinə verilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır".