Mənasız qürur... 


Kreml Ukrayna ilə savaşın Rusiya üçün dağıdıcı nəticələrə səbəb olacağını anlamır

Müharibə başlasa ilk zərbəni sadə rus vətəndaşları dadacaq. Bu savaş ruslar üçün milli fəlakət və Rusiya dövlətçiliyinin dağılması ilə nəticələnə bilər

   NATO-Rusiya gərginliyi azalmaq əvəzinə daha da artmaqdadır. Cenevrə, Brüssel və Vyanada baş tutan görüşlər də buzları əritməyə kifayət etmədi. Rusiyanın Şərqi Avropa ölkələri ilə bağlı konkret şərt irəli sürməsi və Qərbin bunları rədd etməsi vəziyyəti bir qədər də kritikləşdirdi. Moskva postsovet məkanında Rusiyanın təsirini gücləndirmək üçün yeni addımlar atır. İsrarla NATO-nun Mərkəzi və Şərqi Avropa ölkələrində hərbi fəaliyyətini dayandıracağına dair yazılı təminat tələb edir. Vaşinqtonu hədələyən Rusiya Ukraynanın NATO-ya üzvlüyünə “milli təhlükəsizlik” məsələsi kimi baxdığını deyir. Kuba və Venesuelaya qoşun yerləşdirməsindən danışır. 

Qərb mediası Putinin hərəkətlərini böyük imperiyanı yenidən qurmaq cəhdi kimi qiymətləndirir. Lakin ruslarda belə bir fikir var ki, Qərb və Amerika sovetlərin süqutu zamanı verdikləri vədləri yerinə yetirməyiblər. Hər iki tərəf müharibə riskini gözardı etmir. Elə bu səbəbdən ABŞ öz diplomatlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etmək icazəsi verib. Dövlət Departamenti əvvəlcə bunu təkzib etsə də, sonradan təsdiqləmək məcburiyyətində qaldı. Ağ Evin ardından Böyük Britaniya da diplomatlarını Ukraynadan çıxarmaq qərarı aldı: “Rusiyadan gələn təhlükəyə cavab olaraq bəzi səfirlik əməkdaşları və onların ailə üzvləri Kiyevdən çıxarılır. Britaniya səfirliyi isə fəaliyyətinə davam edəcək”. Almaniya kansleri Olaf Şolts vəziyyətin çox ciddi olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna sərhədində yüz min əsgər və xeyli sayda hərbi texnikasının cəmləşməsinə göz yummaq olmaz: “Bunun heç bir məntiqi izahı yoxdur. Bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir”. 

NATO-nun da Şərqi Avropaya əlavə qoşun göndərdiyi açıqlanıb. Qeyd olunub ki, bloka üzv dövlətlər Şərqi Avropa istiqamətində əlavə hərbi gəmi və təyyarə göndəriblər: “Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artırması fonunda müdafiəni gücləndiririk”. 

ABŞ da hərbi yardım çərçivəsində Ukraynaya ikinci partiya olaraq 80 tonluq silah-sursat göndərib. Ukrayna Müdafiə naziri Aleksey Reznikov Kiyevə silah-sursat yardımının davam edəcəyini bildirib. 

Tərəflər arasında artan gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu vurğulayıb ki, Rusiya özünün yeni tarixində heç vaxt müharibəyə bu qədər yaxın olmayıb. Analitikin fikrincə, prezident Vladimir Putinin Rusiyası Ukrayna, Qazaxıstan və MDB ölkələrinin müstəqilliyini aşağılayır: 

“Kreml reallığı itirir. SSRİ-nin dağılmasından 30 il sonra Moskva keçmiş sovet respublikalarına münasibətdə öz xüsusi hüquqlarının olduğunu bəyan edir. Onlara məhdud suverenlik doktrinasını tətbiq etməyə çalışır. Rusiya savaş baltalarını yelləyir. Postsovet məkanının parçalanmasının və Rusiyaya qarşı inamsızlığın əsas səbəbi Putindir. Putin Stalin siyasətini təkrarlamaq istəyir. Ukraynaya müharibə bəyanatı ilə Rusiya dünyanı şantaj edir”. 

A.Rəşidoğlu əlavə edib ki, Kreml Ukrayna ilə savaşın Rusiya üçün dağıdıcı nəticələrə səbəb olacağını anlamır:

 “Müharibə başlasa ilk zərbəni sadə rus vətəndaşları dadacaq. Bu savaş ruslar üçün milli fəlakət və Rusiya dövlətçiliyinin dağılması ilə nəticələnə bilər. Müharibəyə hazırlıq təkcə Rusiyanın xarici siyasətindəki çıxılmaz vəziyyətin nəticəsi deyil, həm də daxili siyasi kursun iflasıdır. Rusiya Dövlət Duması səviyyəsində Ukraynanın şərqindəki ərazilərin ilhaqını tələb edir. Mənasız qürur Putinə Rusiyanın mövcud siyasi vəziyyətini dərk etməyə imkan vermir. Rusiya siyasətində millətçi və militarist meyillərin güclənməsi ağır fəsadlar verə bilər. Bunu Rusiyada dərk edənlər az deyil. Putin yalnız NATO-ya qarşı deyil, daxili ictimai rəyə qarşı da duruş gətirməli olacaq. Bu isə asan deyil. Ümid edirəm, Kreml real vəziyyəti dəyərləndirə biləcək”.