Makronda liderlik xüsusiyyətləri yoxdur

O, Rusiya və Ukrayna arasında vasitəçilik etmək qüdrətinə malik deyil

"Reallıq odur ki, Fransa son dönəmlərdə baş vermiş hansısa ciddi qlobal proseslərdə heç bir rol oynaya bilməyib"

   Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir. Bu barədə Makron ABŞ və NATO ölkələrinin rəhbərləri ilə görüşündə bildirib. Makron Avropada sabitliyi qorumaq üçün bütün diplomatik resurslardan istifadə etməyə hazır olduğunu deyib. Xatırladaq ki, Türkiyə bir neçə gün öncə Ukrayna-Rusiya arasında vasitəçilik üçün tərəflərə çağırış edib. Kiyev və Moskva Ankaranın təşəbbüsünü müsbət qarşılayıb. 

Ekspertlər Fransa prezidentinin məhz Türkiyənin təklifindən sonra prosesə müdaxiləsinə diqqət çəkiblər. Onların qənaətincə, Makron Ukrayna böhranında həlledici rol oynamaq üçün əlini daşın altına qoymaq qərarına gəlib. Məqsəd Fransanın qlobal əhəmiyyət kəsb edən proseslərdən kənarda qalmasına mane olmaqdır.  

Fransa prezidentinin vasitəçilik təşəbbüsünü “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli hesab edir ki, Makronda natamamlıq çatışmazlığı kompleksi var. Ekspertin sözlərinə görə, Fransa prezidenti çalışır ki, mühüm qlobal proseslərdə “lider” kimi o da iştirak etsin və seçki öncəsi özünü göstərsin: 

“Makron Putin və Ərdoğan kimi liderlərlə ayaqlaşmaq arzusundadır. Öz şəxsi nüfuzu ilə yanaşı, Fransanın da aparıcı Avropa ölkəsi olduğunu sübut etməyə çalışır. Ona görə də baş vermə ehtimalı yüksək olan hərbi toqquşmanın qarşısının alınmasında rol almaq istəyir. Lakin Makron 44 günlük müharibədə etdiyi mənasız cəhdləri indi də yersiz təşəbbüslərlə Ukrayna məsələsində nümayiş etdirir. Reallıq odur ki, Fransa son dönəmlərdə baş vermiş hansısa ciddi qlobal proseslərdə heç bir rol oynaya bilməyib. Fransanın başında duran şəxsdə liderlik xüsusiyyətləri yoxdur. Makron Şarl de Qol deyil, heç Fransua Mitteran da deyil. Ümumiyyətlə, hazırda Avropada heç bir ölkənin rəhbərliyində xarizmatik, xüsusi çəkiyə malik lider yoxdur”.

Ə.Məmmədli vurğulayıb ki, Makronun vasitəçilik təşəbbüsləri nəticəsiz qalacaq: 

“Rusiya ilə münasibətləri korlamaq niyyətində olmayan Fransanın ABŞ-la əlaqələri də yaxşı deyil. Moskva öz maraqları üçün rəsmi Parisdən gələn təklifi qəbul edə bilər. Ukrayna rəhbərliyi Makronun sözünə qulaq verməyəcək. Rəsmi Kiyev yaxşı bilir ki, Fransa Ukraynanın xeyrinə addım atmayacaq”.