Müxalifətin müqavimət göstərməsi mənasızdır

Paşinyan istədiyi adamı prezident seçdirə biləcək

Ermənistan Prezidenti Armen Sarkisyanın istefasından sonra ölkədə siyasi vəziyyət yenidən dəyişib.
Ermənistan qanunvericiliyinə görə, dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə hazırkı prezidentin istefasından bir həftə sonra başlamalıdır.

Ölkə prezidenti istefa qərarını açıqladıqdan sonra ona bir həftə müddət verilir və o, bu vaxt ərzində istefa ərizəsini geri götürə bilər.

Artıq Ermənistan parlamenti A.Sarkisyanın ərizəsini qəbul edib. Amma buna baxmayaraq artıq bəzi siyasi partiya və bloklar prezidentliyə namizəd axtarışına başlayıblar. Ermənistanın hakim Vətəndaş Razılaşması Partiyası öz namizədinin adını açıqlayıb. Partiyanın namizədi Baş nazir Nikol Paşinyan administrasiyasının rəhbəri Araik Arutyunyandır. O, əvvəllər Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri işləyib.

Qeyd edək ki, keçmiş prezident Robert Koçaryan Ermənistan prezidentliyinə namizədliyini irəli sürməyəcək.
Parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Ohanes Hamoyan bildirib ki, “Ermənistan” blokunun prezidentliyə başqa namizədi olacaq.

Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 4\1 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.

Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.

Bəzi siyasi analitiklərin fikrincə, Ermənistanda prezident seçkiləri sakit keçməyəcək. Müxalifətlə iqtidar arasında ciddi qarşıdurma yaranacaq. Mübahisələr silahlı qarşıdurmaya qədər çata bilər.

Digər analitiklər isə düşünür ki, Ermənistan prezidenti vəzifəsinə hakim partiyanın namizədi seçiləcək.

İrəvanda baş verən son siyasi proseslər barədə “Şərq”ə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan konstitusiyasına görə baş nazirin səlahiyyətləri prezidentdən daha yüksəkdir: 

“Buna görə də Paşinyan öz tərəfdarlarından birinin namizədini irəli sürüb onun prezident olmasını təmin etməyə çalışır. Baş nazirin partiyası parlamentdə üstünlüyə malikdir. Ona görə də istədiyi birini prezident seçdirə bilər. Bu, birinci turda olmasa ikinci, üçüncü turda olacaq və sadə səs çoxluğu ilə prezident seçiləcək. Ancaq gələcəkdə referendum yolu ilə konstitusiya dəyişikliyinə gedib, prezident üsul-idarəsinə keçə bilər. 

Bununla da prezidentin səlahiyyətlərini artırıb özü də baş nazir vəzifəsindən prezidentliyə keçə bilər. Bu mübarizənin silahlı qarşıdurmaya qədər gedib çıxacağına inanmıram. Çünki prezidentin səlahiyyətləri o qədər də böyük deyil. Təbii ki, radikal müxalifət müqavimət göstərməyə çalışacaq. Amma hər şey parlamentdə səsvermə yolu ilə Paşinyanın istədiyi kimi olacaq.  

Prezident dəyişikliyinin Nikol Paşinyanın planı olması inandırıcı deyil. Onun keçmiş prezidentlə bütün fikirləri heç də üst-üstə düşmürdü. Nəticədə Armen Sarkisyan qəfil istefa verdi və əsaslandırdı ki, daxili və xarici siyasətə təsir edə bilmir. 

Artıq ombudsman postuna da öz namizədini irəli sürüb və təsdiqlənib. Yəni 3 əsas vəzifəyə - hökumətə, prezident kreslosuna və Ombudsman Aparatına Paşinyan nəzarət edəcək. Əlbəttə, müxalifət dirənməyə və müqavimət göstərməyə çalışacaq. Amma bunun heç bir nəticəsi olmayacaq”.

Sənan İsmayıl