30 ildə istifadə etdiyimiz əlifba ortaq türk əlifbasıdır -RƏY

Firudin Cəlilov: "Ortaq əlifba və dil məsələsində dilçilər işləməlidir"

Faiq Ələkbərli: "Müstəqil türk dövlətlərinin verəcəyi siyasi qərarlar çox önəmlidir"


  Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda üçüncü iclası keçirilib. Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib ki, Komissiya ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğuldur. O, 2022-ci ilin oktyabrında Türkiyənin Bursa şəhərində keçirilən müvafiq seminarda Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərarının Türk Dövlətləri Təşkilatına təqdim edildiyini xatırladaraq deyib: “Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər. Nəticələri yekunlaşdırmaq üçün cəmi iki günümüz var”. Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər: “Bugünkü iclasda Türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olundu. Ümid edirik ki, tezliklə Türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”. 
  Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert də deyib ki, özümüzü Bilge Kağan, Bilge Tonyukuk, Oğuz Kağan və Dədə Qorqudun nəslindən hesab ediriksə, deməli, bizim əcdadlarımız, xalqlarımız qarşısında borcumuz var. Onun sözlərinə görə, ilk növbədə, əlifbada yalnız semantik, fonemik dəyər daşıyan səslərin təyin edilməsi qərara alınıb: "Bu, o deməkdir ki, əlifbada yalnız fonemik məna daşıyan səslər öz əksini tapacaq. İlkin mərhələdə verdiyimiz başqa bir qərar bütün türk dillərində hər bir səsi, hər fonemi mümkün qədər bərabər təyin etmək idi. Bu da bizim prioritet həllərimizdən biridir. Ancaq burada xüsusilə vurğulamaq istəyirəm ki, niyyət ən əsas amildir. Hazırda bu məqsədə doğru irəliləyirik və ona mütləq nail olacağıq”. Osman Mert əlavə edib ki, 23-24 hərf üzərində iş başa çatdırılıb: "Məsələni uğurlu nəticəyə çatdırmaq üçün eyni səbirlə və öz prinsiplərimiz çərçivəsində müzakirələri davam etdirəcəyik. Ürəkdən inanıram ki, bu görüşdə bir nəticə əldə edə biləcəyik. Bu, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 1926-cı ildə keçirilən birinci Türkoloji Qurultayda əsas vəzifələrdən biri ortaq əlifbanın yaradılması idi və bu, Bakıda baş verdi. Bu gün isə həmin prosesə yekun vuracaq iclas da Azərbaycan paytaxtında keçirilir”. 
  
Sabiq təhsil naziri, filoloq-alim, professor Firudin Cəlilov "Sherg.az"a deyib ki, ortaq türk əlifbası ilə işin mahiyyətini bilən, əlifba haqqında təsəvvürləri olan şəxslər məşğul olmalıdır. Alimin sözlərinə görə, 1991-ci ildə bütün türk ölkələrinin alimləri, akademikləri, professorları İstanbulda bir araya gələrək bu məsələni müzakirə ediblər: 

"İstanbulda üç gün davam edən simpoziumda ortaq türk əlifbası haqqında məruzələr dinlənildi. Sonda razılaşdırıldı və bütün tərəflər də qol çəkdi və nəticədə 34 hərflik ortaq türk əlifbası qəbul olundu. Mən də Türkiyədə qəbul edilmiş həmin əlifbanı Azərbaycana gətirdim və Milli Məclisdə təsdiqləndi. Yəni Azərbaycan Respublikasının 30 il ərzində işlətdiyi əlifba ortaq türk əlifbasıdır. Bunlardan xəbəri olmayan adamlar əlifba ilə məşğul olurlar. Ortaq əlifba və dil məsələsində dilçilər işləməlidir, danışıq səslərinin işarələri qəbul olunmalıdır. Əslində, latın əlifbası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunaraq istifadə edilirdi. 1926-cı ildəki qurultaydan sonra ortaq türk əlifbası variantı yarandı. Bütün türk ölkələri bu ortaq əlifbadan istifadə edirdi. 1939-cu ildə Stalinin latın əlifbasını qadağan etməsi ilə türk xalqları kiril əlifbasına keçid etdilər. Yəni ortada sınaqdan keçmiş təcrübələr var. Ona görə də Amerika açmaq lazım deyil". 
 
 AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli isə açıqlamasında deyib ki, 30 ildən çoxdur ki, türk xalqlarının ortaq əlifbası məsələsi müzakirə olunur, amma nəticə yoxdur. Alim vurğulayıb ki, müstəqil türk dövlətlərində hazırda istifadə edilən əlifbalarda yer alan hərflər həm də Avropanın bir çox ölkələrində istifadə olunur: