Ankaranın mövqeyi doğrudur: Kreml Türkiyənin vasitəçiliyindən faydalana bilər

“Kreml özünün yaratdığı indiki mürəkkəb vəziyyətdən çıxmaq istəyirsə Ankaranın vasitəçiliyindən faydalana bilər, yox əgər bütün hallarda Donbasın ilhaqı planlaşdırılıbsa Türkiyədəki görüş sadəcə müharibəni bir müddət ləngidəcək”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, Putinin səfər edəcəyi ölkələrin sayı çox deyil: 

“Kreml sahibi böyük fasilədən sonra bugünlərdə Hindistana səfər etmiş, bu ölkənin baş naziri Narendra Modi ilə görüşmüşdü. Putin düşünürdü ki, Hindistana istədiyi hərbi texnikanı sata biləcək. Ancaq Dehli artıq xarici və təhlükəsizlik siyasətini korrektə edib. Rusiyadan hərbi texnikasını gözüyumulu almır, ABŞ-la əməkdaşlığa üstünlük verməyə başlayıb. Putin fevralın 4-də Pekinə gedib qış olimpiya oyunlarının açılışında iştirak edəcək. Bundan sonra Ankaraya gedəcək. Ərdoğan son açıqlamasında bir daha Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini təklif etdi. Eyni zamanda Ukraynanın ərazi bütövlüyünə dəstəyini və bu ölkəyə hərbi müdaxiləni qəbul etməyəcəyini bildirdi. Həm də Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarının dinlənilməsini və dialoqun davamını zəruri hesab etdi. Ankaranın mövqeyi doğrudur”.