XİN başçıları nədən danışdılar? – Şərh:“ Türkiyə-Ermənistan aviareysinin açılması...” 

Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Nazirlər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. C.Bayramov və M.Çavuşoğlu eyni zamanda regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Danışığın əhəmiyyətini "Sherg.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin yumşalmasının Azərbaycana necə təsir edəcəyi barədə fikir mübadiləsi aparılıb:

“Azərbaycanla Türkiyə qardaş ölkədir. Regional və digər məsələlərdə birgə çıxış edirlər. XİN başçıları mütəmadi olaraq bir-biriləri ilə əlaqə saxlayırlar. Yanvarın 31-i aparılan telefon danışığı zamanı da müəyyən məsələlər müzakirə olunub. Danışıq zamanı delimitasiya və demarkasiya məsələsindən söhbət açıldığı güman olunur. Həmçinin Çavuşoğlunun Türkiyə ilə Ermənistan arasında aparılan diplomatik danışıqlarla bağlı azərbaycanlı həmkarına məlumat verdiyini düşünürəm. Fevralın ilk günlərindən Türkiyə-Ermənistan aviareysinin açılması da müzakirə obyekti ola bilər. Ukrayna məsələsi ətrafında da müzakirələrin aparıla biləcəyi düşünülür. Azərbəycan prezidentinin Ukraynaya səfərinin müzakirə edildiyini güman edirəm”.

Xanlar ƏLİBƏY