Tural Abbaslı Fazil Mustafanı dəstəkləyir: «Müxalifətin fəaliyyətinə dair qanun zamanın tələbidir»

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda çıxış edən millət vəkili Fazil Mustafa təkliflərini irəli sürüb. Təşəbbüslərdən biri də Azərbaycan müxalif partiyaları ilə bağlıdır: 

“Azərbaycanda müxalifətçi fəaliyyəti haqqında qanunun qəbul edilməsi vacibdir. Bununla bağlı dəfələrlə təşəbbüslər irəli sürmüşük. Həm parlament müxalifətçilərinə, həm də parlamentdən kənar müxalifətə aid olan bir məsələdir. Söyüşün, təhqirin baş alıb getməsi müxalifətçiliyin hüdudlarının müəyyən edilməməsi ilə bağlıdır. Qanun layihəsinin müzakirə olunması vacibdir. Müxalifət partiyalarının daha aktiv fəaliyyət göstərməsi üçün bu sahədə addımların atılmağı mühümdür”.

Deputatın müxalif partiyalara dair təklifinə münasibət bildirən Ağ Partiya sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, Fazil Mustafanın fikirlərini tam dəstəkləyir:

“Müxalifətin fəaliyyəti ilə bağlı qanunun qəbul edilməsi zamanın tələbidir. Müxalifətin statusu, dövlət protokolunda yeri və rolu, idarəçilikdə təsir mexanizmi olmalıdır. Müxalifət haqqında Hüseynbala Mirələmov, Siyavuş Novruzov, Elman Nəsirov düşüncəli insanlar deyirlər ki, bunlar dövlətin işini qaralamaqla məşğuldurlar. Əksinə, müxalifətçi iqtidarı tənqid edir, hakimiyyət də tənqidə əsasən öz işini yaxşılaşdırır. Ona görə müxalifətçinin fəaliyyəti dövlətə, millətə xeyirlidir. Dünya ölkələrində müxalif fəaliyyətlə məşğul olan partiyalar, qurumlar büdcədən maliyyələşir. Azərbaycanda isə müxalifət anlayışı düşmən, satqın, qaragüruh anlayışları ilə şərikdir. Bəzən isə hüquqi, sivil müxalifətin formalaşdırılmasının qarşısı alındığı üçün anormal müxalifətçilik meydana çıxır. Belə halların olmaması üçün qanunun tətbiq edilməsi istənilən hüquqi dövlətdə şərtdir”.

Xanlar ƏLİBƏY