Ərdoğan  Rusiya ilə Ukrayna müharibəsini əngəlləmək üçün əlindən gələni edəcək

“Rusiya-Ukrayna münaqişəsinin müharibə senarilərini aktual etdiyi zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri həlledicilik dərəcəsinə görə əhəmiyyətlidir”.

Bu barədə “Sherg.az”a siyasi şərhçi Aqşin Kərimov deyib.

Ekspert bildirib ki, Türkiyə liderinin Ukrayna səfəri Ankaranın münaqişənin həlli üçün həm fərdi vasitəçi təşəbbüslərini ortaya qoyur: 

“Həm də NATO üzvü olduğuna görə kollektiv müdafiə elementlərini özündə ehtiva edir. Nəzərə alaq ki, Türkiyə NATO-nun digər üzvü olan Britaniya ilə isti münasibətlərə malikdir. Yaranan böhranda Ukraynaya ən ciddi və əhəmiyyətli praktiki dəstəyi Britaniya reallaşdırır. Ərdoğan Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra Ukraynaya pənah gətirdi. Ərdoğanın səfəri daha çox London-Ankara trafikindəki danışıqların qayəsini prioritet kimi önə çıxarır. Hərçənd, Türkiyənin Rusiya ilə hərarətli münasibətləri də mövcuddur. 
Ancaq Ukrayna mövzusundakı həssaslıq Ankara-Moskva siyasi əlaqələrini başqa məcraya yönəldir. Şübhə yox ki, Ərdoğan Azərbaycanla Türkiyənin strateji müttəfiqlik əlaqələrinin Ukrayna üzərinə proyeksiya edildiyini də Zelenskinin diqqətinə çatdırıb. Azərbaycanla Türkiyənin perspektiv strateji vizyonu Şuşa Bəyannaməsində təsvir edilib. Bu baxımdan Ankara öz addımlarını Bakının maraqları ilə paralel şəkildə qurur. Nəzərə alaq ki, bundan əvvəl Prezident İlham Əliyev Ukraynaya səfər etmişdi. Deməli, Ərdoğanın bağlı qapılar arxasında həm də London-Bakı-Ankara üçbucağındakı üçtərəfli maraqlardan bəhs edib”. 

Analitikə görə, Türkiyə qlobal siyasətdə hərbi sənaye və iqtisadi rıçaqlarla mövqelər tutur və getdikcə həmin mövqelərdə güclü istehkamlar qurur: 

“Ərdoğanın Kiyevə səfəri zamanı Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət razılaşması imzalanıb ki, bununla Türkiyə bir neçə istiqamətdəki hədəflərini möhkəmləndirir. Sərbəst ticarət razılaşmaları Türkiyənin qlobal iqtisadi təhlükəsizlik zolağıdır, ixracı genişləndirməklə rəqabət şəraitində üstünlük qazanan strategiyadır. Sərbəst ticarət anlaşmaları qarşılıqlı investisiyanı təşviq edən praqmatik ideyalara əsaslanır, müştərək təşəbbüslərlə Türkiyənin beynəlxalq rəqabət gücünü artırır. Əldə edilən razılaşma ilə həm də “Baykar” şirkəti Ukraynada silah istehsal edəcək. Müasir dünya hərbində özünəməxsus və spefisik yer tutan Türkiyənin pilotsuz uçuş aparatlarının, o cümlədən “Bayraktar” zərbə aparatının Ukraynaya tədarükünün artması və Ukraynada birgə istehsal Rusiyanı az da olsa müharibədən çəkindirən amilə çevrilir. Ərdoğan qarşısına qətiyyətli məqsəd qoyub. Rusiya ilə Ukrayna müharibəyə başlamaması üçün əlindən gələni edəcək”. 

A.Kərimov qeyd edib ki, Ərdoğanla Zelenski görüşdən sonra media önünə çıxaraq önəmli mesajlar verdilər: 

“Ərdoğan bir daha ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi. Ankaranın Kiyevə dəstəyi həm də Qara dəniz amili ilə bağlıdır. Türkiyə Krımın ilhaqından sonra Qara dənizdə hərbiləşmə səviyyəsinin artmasının, burada oyunçuların çoxalmasının əleyhinədir və dəniz sərhədlərinə təhdid ehtimallarına qarşı immunitetini gücləndirir. Ukrayna Türkiyəyə böyük ümidlərlə baxır, Krım türkləri amili isə Türkiyənin əlinə böyük kozırlar verir. Öz hərbi qüdrəti ilə qürrələnən Rusiya Ukraynaya müdaxilə etməsə belə, sakit durmayacaq. Ukraynada pilotsuz zərbə aparatlarının birgə istehsalı Kremli narahat edir. Şübhəsiz ki, Moskva birgə istehsala görə kəşfiyyat orqanlarının potensialına müraciət edəcək və strateji məlumatları ələ keçirməyə, eyni zamanda Türkiyəyə qarşı kəşfiyyat fəaliyyətini gücləndirməyə çalışacaq. Ukrayna böhranına gəlincə, hazırda müvəqqəti də olsa müharibədən qaçmaq meylləri müşahidə edilir və bu məsələdə Türkiyə amilinin də payı çoxdur”.