"Aykut Ərdoğdunun açıqlaması “beşinci kolon”a xas davranış tərzidir"  - Partiya sədri

“Azərbaycanda olduğu kimi qardaş Türkiyənin də siyasi elitasında, partiya və ictimai birliklərində “beşinci kolon”çuların mövcud olması təbiidir”. 

Bu barədə “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmağa hesablanmış açıqlaması məhz “beşinci kolon”a xas davranış tərzidir: 

“Bakı ilə Ankara arasındakı əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hər iki ölkənin parlamentində Şuşa Bəyannaməsi təsdiqlənib. Belə məqamda Ərdoğdunun açıqlamasını təsadüfi hesab etmək olmaz. Belə açıqlamalar heç vaxt təsadüfən verilmir. Böyük ehtimalla Ərdoğdu Türkiyə-Azərbaycan birliyini gözü götürməyən hansısa dairələrin sifarişini yerinə yetirir. Bu sifarişin uzantıları hətta xaricdəki anti-Türkiyə mərkəzlərinə qədər gedib çıxa bilər. Hər halda belə çıxışlar Azərbaycan və Türkiyə arasında əlaqələrin pozulmasına hesablanmış adddımlar kimi gözdən keçirilməlidir. İndi bir daha aydın olur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan  və Türkiyənin müttəfiqlik münasibətlərinin daha da güclənməsi və “Şuşa Bəyannaməsi” həqiqətən də bir çoxlarını çox ciddi şəkildə narahat edir. Həmin dairələr Aykut Ərdoğdu kimi uğursuz siyasətçilərdən “alət” kimi istifadə edirlər. Normal siyasətçi nə özünü, nədəki mənsub olduğu partiyanı heç vaxt bu cür zərbə altında qoymazdı”.

Ə.Hüseynov qeyd edib ki, Aykut Ərdoğdu başa düşməliydi ki, onun kimilərinin fikirləri iki qardaş ölkə arasında münasibətlərə zərrə qədər də təsir etməyəcək: 

“Türkiyə Böyük Millət Məclisində, Türkiyə cəmiyyətində Azərbaycana güclü dəstək var. Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı formada xələl gətirmək istəyən şəxslər və ya partiyalar bununla yalnız özlərinə qəbir qazmış ola bilərlər. CHP-li deputatı da belə bir aqibət gözləyir. Aykut Ərdoğdunun əsassız iddiaları onun siyasi karyerasını parlamadan bitirəcək. CHP-nin nüfuzu da aşağı düşəcək. Aykut Ərdoğdu qaş qayırmaq istədiyi halda, necə deyərlər, öz partiyasının “göz”ünü vurub çıxardı. Bu isə hər kəsə - bütün “beşinci kolon”çulara dərs olmalıdır”.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu Azərbaycanı ittiham edib. O, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin qeyri-şəffaf olduğunu iddia edib.