İndi top Ermənistandadır, Paşinyan öhdəliklərinə əməl etməlidir

"Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-nə yaxın vətəndaşımızın siyahısı yenidən, daha dəqiq tərtib olunmalıdır"

   Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının aqibəti, daha doğrusu, harada basdırıldıqları barədə məlumat verəcəyini deyib. Fevralın 4-də Fransa Prezidenti E.Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında videoformatda keçirilən görüşdə bu məsələ də gündəmə gətirilib. Görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iştirak edib. Prezident İlham Əliyev müharibədə itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. 

Qeyd olunan məsələ Makron tərəfindən də dəstəklənib. Ermənistanın itkinlərimizlə bağlı həqiqəti əks etdirən məlumatları qarşılığında 8 erməni hərbçi İrəvana təhvil verilib. Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, Ermənistan tərəfinə qaytarılanlar 2021-ci ilin 16 noyabr tarixində Kəlbəcər rayonu istiqamətində saxlanılan hərbi qulluqçulardır. Rəsmi Bakının humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycana verməlidir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb: “Bu, dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir”. Xatırladaq ki, Ermənistan 30 il ərzində onların girovluğunda azərbaycanlıların olmadığını və kütləvi məzarlıqlar mövzusunun Azərbaycanın “dezinformasiyası” olduğunu iddia edirdi. Kütləvi məzarlıqların yerinin tapılması Ermənistanın nüfuzuna ciddi zərbə olacaq. Kütləvi məzarlıqlar Ermənistanın keçmiş rəhbərliyinin insanlığa qarşı daha bir amansız cinayətinin faktıdır. 

İrəvanın üzərinə götürdüyü öhdəliyi “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, məsələ sadəcə itkin düşmüş şəxslərin yaxınlarının deyil, bütün Azərbaycan xalqının diqqətindədir. İtkin düşmüş şəxslərin ailə üzvləri ilə mütəmadi təmasda olduğunu deyən QAT sədrinin sözlərinə görə, illər ötsə də, itkin yaxınlarının nigarançılığı qalmaqdadır:

 “Bilmək istəyirlər ki, yaxınları hansı şəraitdə, necə dünyasını dəyişib, harada basdırılıb. Biz də mümkün qədər itkinlərlə bağlı prosesi gündəmdə saxlamağa çalışmışıq. Dövlət başçısı İlham Əliyevin məsələni mühüm görüşdə yenidən qabartması çox önəmlidir. Bu məsələ danışıqların vacib elementi kimi ortaya qoyulur. Qərb nümayəndələrinin də iştirak etdiyi dördtərəfli görüş və aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. Ermənistan Baş naziri Nikol Paşinyan üzərinə öhdəlik götürürsə və itkinlərlə bağlı məsələyə fərqli, təkzibedici mövqe sərgiləmirsə, bu xəttin davam edəcəyinə ümidlə yanaşmaq olar. Bunun müqabilində 8 erməni hərbçinin İrəvana təhvil verilməsi də doğru addımdır. Şübhə yox ki, ölkə başçısının müraciətindən sonra məsələ hüququ müstəvidə də tənzimlənəcək”. 

A.Nağı vurğulayıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-nə yaxın vətəndaşımızın siyahısı yenidən, daha dəqiq tərtib olunmalıdır: “Əlimizdəki bütün dəlil-sübutlardan istifadə etməliyik. Paşinyanın öhdəliyi ilə yanaşı, beynəlxalq strukturları, məhkəmələri də işə qoşmalıyıq. Ermənistan tərəfini itkin düşmüş şəxslərin aqibəti, kütləvi məzarlıqlarla bağlı məlumat verməyə məcbur etməliyik. Onsuz da işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar, axtarışlar aparılacaq. Gec-tez itkin şəxslərimizlə bağlı izlərə rast gələcəyik. Amma Ermənistanın öz cinayətlərini bəri başdan etiraf etməsi onların xeyrinə olar. İstənilən halda erməni tərəfi hər cinayətinə görə cəzalandırılmalıdır. Əminəm ki, işin gedişində təsadüfən kütləvi məzarlıqlar ortaya çıxacaq. Ermənistanın itkin düşmüş şəxslərlə bağlı məlumat verməsi eyni zamanda kütləvi qətliamların da etirafı deməkdir. Bu cinayətlərin hamısı hüquqi məsuliyyət yaradır”.