Acarıstanda kütləvi məzarlıqda azərbaycanlının qalıqları aşkarlanıb

Hüseyn Ələkbərov 1938-ci il martın 11-də güllələnib

Məhərrəm Zülfüqarlı: "Acarıstandakı prosesdə bizim mütəxəssislər də iştirak etsə, yaxşı olar"
   
   Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb. Sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb. Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizləri aparılır. Ekspedisiya iştirakçısı Eter Maxaradze bildirib ki, güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var. Mütəxəssis qeyd edib ki, qalıqlar aşkarlandığı yerdə yenidən dəfn olunacaq və ərazidə muzey tikiləcək. Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Ələkbərov Hüseyn Ələkbər oğluna məxsus olduğu müəyyən edilib. Acarıstanın Daxili İşlər Nazirliyinin arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib. 

Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır. Arxiv sənədlərinə əsasən, 1937-1938-ci illərdə Acarıstanda müxtəlif cəza tədbirləri nəticəsində 11-i qadın olmaqla 1050 nəfər güllələnib.

Faktla bağlı “Şərq”ə danışan tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı kütləvi məzarlıqların aktual məsələ olduğunu deyib. Alim bəyan edib ki, tarixin üstü açılmamış gizli sirləri çoxdur: 

“1930-cü illərdə repressiya bütün SSRİ ərazisində həyata keçirilirdi. Gürcüstanın Acarıstan bölgəsi qədim türk torpağıdır. Uzun zamanlar Türkiyənin ərazisi olub. Rus-türk müharibələri nəticəsində dəfələrlə əl dəyişdirib. Nəhayət, tarixi proseslər nəticəsində çar Rusiyasının əlinə keçib. SSRİ dövründə isə Gürcüstanın ərazisi sayılıb. Acarıstanda müsəlmanların, türklərin, o cümlədən bölgədə yaşayan azərbaycanlıların sayını azaltmaq siyasəti həyata keçirilirdi. Repressiya milliyətə çox önəm verməsə də, reallıq odur ki, repressiyaya ən çox məruz qalan türk-müsəlman əhalisi idi. Acarıstanda kütləvi məzarlığın aşkarlanması bölgə türklərinə qarşı aparılan siyasətin göstəricisidir. Stalin türk dünyasına düşmən kəsilmişdi. SSRİ-nin bütün bölgələrində türklərin repressiya olunması yuxarıdan həyata keçirilən siyasət idi. Həmin dövrə aid kütləvi məzarlıqlar çoxdur. Repressiya illərində qətllərin çoxu kütləvi həyata keçirildiyi üçün məzarlar da kütləvi olurdu. Bu, sovet-totalitar rejiminin insanlığa qarşı cinayətinin daha bir sübutudur”.  

Tarixçi bildirib ki, vaxtı ilə repressiyaya məruz qalmış şəxslərin indiki varislərinin fərdi şəkildə bu işin arxasınca düşməsi müəyyən səbəblərdən mümkün olmaya bilər:

 “Amma dövlət səviyyəsində atılacaq addımlar sayəsində Gürcüstandakı kütləvi məzarlıqda tapılmış cəsəd qalıqlarının neçəsinin azərbaycanlılara məxsus olması, ailə üzvlərinin müəyyənləşməsi mümkündür. Acarıstandakı prosesdə bizim mütəxəssislər də iştirak etsə, yaxşı olar”.