Soros Ermənistandan pulunu çəkməyib

Vaxtı ilə QHT rəhbərləri olmuş, indi vəzifədə olan adamlar yenə əmkdaşlıqlarını davam etdirirlər


   Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir. Məsələn, 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb. “İravunk” nəşrində dərc olunan məqalədə bildirilib ki, fond bu dəfə fiziki şəxslərə qrant ayırmayıb. Qrant alanlar arasında dövlət məmurları, iqtidar deputatları, hətta səfirlər də var. Onların hamısı 2021-ci il parlament seçkilərində bu və yaxud digər dərəcədə kifayət qədər fəallıqları ilə seçiliblər. 

“Soros dəyərləri”nin keşikçiləri ümumilikdə 1,2 milyon dollar qrant alıblar. Nəşrdəki araşdırma bu sualla tamamlanıb: “Bütün bunların demokratiya ilə nə əlaqəsi var və nəyə görə bu hallar öz adı ilə - korrupsiya adlandırılmır?”. Ekspertlərə görə, açıqlanan faktlar Ermənistanda bir sıra dairələrin hələ də Sorosun təsiri altında olduğunu isbatlayır.

Siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında deyib ki, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin əksəriyyəti, xüsusən hökumət üzvləri və parlamentdə təmsil olunan şəxslər vaxtı ilə Soros fondu ilə yaxın əməkdaşlıq edən QHT rəhbərləri olublar. Analitik bildirib ki, həmin şəxslərin Soros-la əlaqələri indi də davam etməkdədir:

 “Əvvəlki layihələr yenə də həyata keçirilir. Lakin bəzi şəxslər hökumətdə təmsil olunduqları üçün layihələrə birbaşa özləri rəhbərlik etmirlər. Bu işi yaxın adamlarına tapşırıblar. Amma proses Ermənistanda mahiyyət etibarı ilə heç zaman səngiməyib. Nikol Paşinyan hakimiyyətə gəlməzdən öncə təhlillərimizdə konkret olaraq Ermənistana Soros Fondu tərəfindən ayrılan çoxsaylı vəsaitlərin miqdarını açıqlamışdıq. Hansı şəxsə nə qədər maliyyə verildiyini dəqiq faktlarla əks etmişdik. Onların arasında keçmiş hökumət üzləri, maliyyə, təhsil nazirləri də var idi. Həmin şəxslərə illik 1, 1,2 milyon dollar vəsait ayrılırdı. Ermənistana Soros Fondunun ayırdığı vəsait bütün postsovet ölkələri ilə müqayisədə hər zaman çox olub”.