Moldova-Azərbaycan münasibətlərində maraqlı detal:“Rusiyanın planlarına qarşı..."

Fevralın 10-da Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib. Görüş zamanı dövlət başçısı ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. O iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. N.Popesku isə ölkələrimiz arasında diplomatik münasibətlərin artıq 30 ilə yaxın davam etdiyi  və bu müddət ərzində Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli  hazırkı Moldova-Azərbaycan münasibətlərindən “Sherg.az”a danışıb.O bildirib ki, bu münasibətlərdə qəribə detallar var:

 “Moldova bizim müstəqilliyimizi ilk tanıyan ölkələrdən biridir. O Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəkləyib, ərazi bütövlüyünü tanıyıb. İki ölkə arasında təxminən 5-10 milyon  dollar civarında ümumticarət dövriyyəsi var. İndi o çalışır ki, dünyanın üzərində mübarizə apardığı enerji təhlükəsizliyini ölkəmiz hesabına təmin etsin. Bu baxımdan Azərbaycana xüsusi bir marağı yaranıb”. 

Ə.Əlibəylinin fikrincə, Moldovanın indiki məqamda iki ölkə arasında münasibətləri daha da dərinləşdirməyə çalışması  bir yandan da hərbi və siyasi təhlükəsizliklə bağlıdır:

 “Çünki Moldova region olaraq Ruminiya və Ukrayna arasında yerləşir. Qara dənizə yaxın ölkədir. Bu bölgə hazırda NATO ilə Rusiya arasında  Ukrayna   üzərində toqquşmanın baş verdiyi bir nöqtədir. Azərbaycanın bu hərbi qarşıdurmaları idarə etmək kimi bir təcrübəsi var. Biz Rusiya, İran ,Türkiyə  arasında, o cümlədən, bir çox  ölkələrin güc mərkəzləri ilə toqquşduğu bir bölgə kimi kifayət qədər nüfuz qazanmışıq”.

Ekspertin qənaətincə, Ukraynada hərbi əməliyyatlar baş verərsə, ayaq altında qalan ölkələrdən biri də Moldova olacaq:

 “Rusiyanın bu ölkə ilə bağlı planları mövcuddur. Bu baxımdan da rəsmi Kişinyov hesab edir ki, Rusiya ilə münasibətdə Azərbaycanın, eləcə də Türkiyənin maraqlarından,imkanlarından real şəkildə faydalana bilər. Çünki NATO üzvü olan  Ruminiya və Bolqarıstan kimi qonşu ölkələrin Rusiya tərəfindən cəzalandırılaması fonunda Moldovanın da aqibəti yaxşı görünmür.O indi bütün bunları nəzərə alaraq Azərbaycanla münasibətə xüsusi önəm verir”.