Tahir Kərimlinin hüququ savadı var, o nə etdiyini gözəl bilir

Tural Abbaslı: "Millət vəkilinə təhdid və təzyiqlər iqtidardakı hansısa məmurdan gəlib"

Millət vəkili, Vəhdət Partiyasının sədr müavini Tahir Kərimli onu hədələyənlərə cavab olaraq sosial şəbəkədə paylaşdığı “əjdaha” videosu ilə ciddi səs-küyə səbəb oldu. Ölüm təhdidi ilə üzbəüz qaldığını açıqlayan parlamentarinin qeyri-adi davranışı cəmiyyətdə birmənalı qarşılanmasa da, deputatın hədələnməsi bir sıra məsələləri də gündəmə gətirdi. Xatırladaq ki, millət vəkili evə dönərkən qapısından asılı vəziyyətdə üzərinə onu təhdid edən fikirlər yazılmış kiçik vərəq görüb. Bundan sonra həmin şəxslərə cavab olaraq video çəkmək qərarına gəlib. Videoda əlində olan oyuncaq əjdahanı göstərməklə onu hədələyən şəxslərə mesaj göndərib. Hədə məktubunda deputatın adını açıqlamadığı bir şəxsin onu “əjdaha kimi udacağı” yazılıb. Deputat qeyd edib ki, əlindəki əjdaha simvolik məsələ idi: “Ola bilər, mənə qarşı bunu təşkil edən parlamentdə çıxışımda əjdahaya bənzətdiyim həmin rüşvətxorlar, korrupsionerlərdən biridir”. 

İki gündür gündəmin əsas müzakirə mövzusuna çevrilən məsələni “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, cəmiyyətdə qeyri-ciddi formada müzakirə mövzusuna çevrilən məsələ deputat Tahir Kərimlinin təhdidə məruz qalması yox, yaydığı video-görüntünün forması ilə bağlı idi. Partiya rəhbərinin sözlərinə görə, çoxları ilk başda söhbətin nədən getdiyini, Tahir müəllimin nə dediyini anlamaqda çətinlik çəkdi: 

“Deputat çıxışı zamanı əlində dinozavr tutmuşdu. Yəni, çox emosional və qəribə müraciət forması idi. Tahir Kərimlinin statusunu, yaşını, keçmişini nəzərə alanlar bu cür videonu ona yaraşdırmırdı. Amma təbii ki, məsələnin başqa tərəfləri var. Millət vəkili, partiya sədri etiraf edir ki, ona açıq təhdidlər edilir və hədələrə bu formada cavab verir. Videodan sonra DİN rəsmisi bildirdi ki, millət vəkili rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməyib. 

Tahir Kərimlinin hüquqi savadı kifayət qədərdir. Ali Məhkəmənin keçmiş sədri kimi öz hüquqlarını gözəl bilir. Görünür, Tahir Kərimli təhdidlərdən dərhal sonra polisə müraciət etməyi yox, məsələni ictimailəşdirməyi məsləhət bilib. 

Deməli, Tahir müəllimə təhdid və təzyiqlər iqtidardakı hansısa məmurdan gəlib. Deputat çıxışında Ramiz Mehdiyevi kəskin tənqid etmədiyini, normal ifadələr söylədiyini də vurğuladı. Tahir Kərimlinin birbaşa Ramiz Mehdiyevin adını çəkməsi maraqlı nüansdır. Deputat tənqidi çıxışlardan sonra təhdidlərə məruz qaldığını deyir. Tahir müəllim kriminal aləmi tənqid etmirdi ki, həmin aləmin nümayəndəsinin hədəsinə tuş gəlsin?! 

Onun tənqid hədəfində dövlət qurumları var idi. Hər halda deputatın işarə vurduğu məqamlar üzərində ciddi düşünməliyik”.