Kremlin cavabının gecikməsi siyasi və hərbi müstəvidəki addımlarla bağlıdır  - Ekspert 

"Rusiya ABŞ-ın təhlükəsizlik müqaviləsi ilə bağlı məktubuna cavab göndərib".

Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, cavabın gec göndərilməsi siyasi və hərbi müstəvidəki addımlarla bağlıdır: 

"Ukrayna cəbhəsində, eləcə də Belarus üzərindən NATO ilə sərhəddə hərbi mövqelərini gücləndirdi. Təlim üçün Belarusa gələn rus qoşunlarının bir hissəsinin bu ölkədə saxlanılması istəyi bundan qaynaqlanır. Qərb blokunu Avropa üzərindən parçalaya bildi. Makron, ardınca Şolzun Moskva səfəri, Ukrayna ilə münaqişənin ABŞ olmadan həlli üzərində razılaşma bunu deməyə əsas verir. İstisna deyil ki, Rusiyanın Avropada təhlükəsizlik tələbləri də Berlin və Paris tərəfindən nəzərə alınacaq. Qərb blokunda Kremlin cavabına münasibətdə çatlar bir qədər də dərinləşə bilər. Rusiya topu Qərbə atdığı vaxt Luqansk və Donetskin “müdafiəsini” gücləndirəcək. Burada diqqətçəkən məqamlardan biri də Rusiyanın ABŞ-dan fərqli olaraq, verdiyi cavabın mətnini açıqlayacağıdır. Lavrov bunu “ictimai rəydə manipulyasiyasının yaranması” ilə izah edir. Hərçənd, Moskvanın cavab mətnini açıqlamasının əsas səbəbi Çindir. Kreml Pekinə prosesdə ona risk yarada biləcək mövqedə olmadığını isbatlamalıdır".