Rusiya Luqansk və Donetskə qoşun yeridir  - FOTO

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində üsyançıların nəzarətində olan iki bölgən – Donetsk və Luqansk- “müstəqil dövlət” kimi tanıdıqdan sonra həmin ərazilərə qoşun yeritmək barədə göstəriş verib.
“Sherg.az” BBC-ə istinadən xəbər verir ki, gecə saatlarında yayılan görüntülərdə Rusiya hərbi maşınlarının Ukrayna sərhədinə doğru hərəkət etdiyi üzə çıxıb. Rəsmi Moskva bəyan edib ki, qoşunlar həmin bölgələrdə sülhü qoruyacaq. Lakin buna cavab olaraq, ABŞ həmin qoşunları “sülhməramlı” adlandırmağın “cəfəngiyyat” olduğunu bildirib.

Ağ Ev Kremlin Rusiyanı müharibə üçün bəhanə yaratmaqda ittiham edib.  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ səfiri Linda Tomas-Qrinfild Rusiyanın əsgərlərin “sülhməramlı” rol oynayacağına dair iddialarını rədd edərək, “Biz əslində onların nə olduğunu bilirik” deyib. O bildirib ki, Luqansk və Donetskin “müstəqil” şəkildə tanınması Rusiyanın Ukraynanı işğal etmək məqsədinin tərkib hissəsidir.

Ukrayna prezidenti Volodomir Zelenski baş verən hadisələrdən sonra ölkəsinin “heç nədən və heç kimdən qorxmadığını” açıqlayıb. Gecə yarısı televiziya ilə xalqa müraciət edən  prezident V.Zelenski Ukraynanın beynəlxalq müttəfiqlərini onlara dəstək olmağa çağırıb:

“İndi bizim əsl dostumuzun və tərəfdaşımızın kim olduğunu görməyimiz çox vacibdir. Rusiya Federasiyası bizi sadəcə sözlərlə qorxutmağa davam edəcək”.

Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr bu addıma cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.

 Çimnaz Şahlar