Baş prokurorun jurnalistlərə müraciəti məqsədəuyğundur

Təkcə mediada deyil, həm də sosial şəbəkələrdə qanunvericiliyə zidd çağırışların edilməsi yolverilməzdir

“Mən demək olar bütün məlumatları mediadan oxuyuram. Biz medianın peşəkarlığına üstünlük veririk".
Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Prezident İlham Əliyevin də medianın nəzarətini yüksək qiymətləndirdiyini qeyd edən Baş prokuror Kamran Əliyev Azərbaycan prokurorluğunun fəaliyyətinin mətbuat orqanlarında müsbət qiymətləndirilməsinə çalışdığını bildirib. Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb: "Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meyilli məlumatlar olmamalıdır”.

Baş prokurorun jurnalistlərə müraciətinə münasibət bildirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, mövcud qanunvericiliyə əsasən səsləndirilən fikirdir. 

“Ölkənin Baş prokurorunun fəaliyyət istiqamətlərindən biri də qanunların aliliyinin təmin olunmasının keşiyində durmaqdır. Bu baxımdan Baş prokurorun çağırışı təbii qəbul olunmalıdır. 

Təkcə mediada deyil, həm də sosial şəbəkələrdə qanunvericiliyə zidd çağırışların edilməsi və əsaslandırılmamış məlumatların yer alması yolverilməzdir. Çünki hər hansı yanlış informasiyanın doğurduğu neqativ təzahürlərin aradan qaldırılması üçün çox vaxt sərf olunur.

İnsanlar həm də maliyyə itkisinə məruz qalır və ciddi problemlərlə qarşılaşırlar. 

Buna görə də mediadan bu məsələlərdə çox məsuliyyətli davranmaq tələb olunur. Əslində, burada xüsusi tələb və istək də yoxdur.  Media sektorunda qanunların yaratdığı çərçivə istənilən şəxsin fəaliyyəti üçün eynidir. Ən azından mahiyyət etibarilə sərhədlərinin hara qədər olduğunu bilirsən. Öz söz azadlığına görə, başqalarının hüquqlarını poza bilməzsən. Bu səbəbdən çağırış tamamilə məqsədəuyğundur”. 

Sənan İsmayıl