Azərbaycan iki qüdrətli ölkə ilə müttəfiq oldu

Moskvada imzalanan sənəd 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar verir

"Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir"

Fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları arasında “qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Bəyannamənin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. 

Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Müqaviləyə əsasən, Azərbaycan və Rusiya öz ərazisində hər hansı təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Sənəddə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur. O cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. İkitərəfli anlaşmada beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi də qeyd olunur. 

Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Yəni müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Prezident Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Məsələ regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

 Qeyd edək ki, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri olan Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür. Rəsmi Bakının digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir.

 Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc, bacarıq, məharətli diplomatiya tələb edir. Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır.

 Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında  yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir. Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra, Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. 

Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. 

Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana da böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Beləliklə, Azərbaycan iki qüdrətli qonşusu - Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə sazişə hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə güc, bacarıq, məharətli diplomatiya tələb edir.

Millət vəkili Sahib Alıyev deyib ki, Bəyannamənin bizə nə verdiyini anlamaq üçün sadəcə oradakı birinci maddəyə diqqət yetirmək bəs edir. Deputatın sözlərinə görə, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında qururlar:

 “Bundan sonra Rusiyada Azərbaycanın torpaq  bütünlüyünə qarşı çıxış edən bütün ünsürlərin əl-qolu bağlanacaq. Bəyannamədəki 16-cı maddədə tərəflərdən biri üçün təhlükə yarandıqda hərbi yardımın göstərilə biləcəyi də öz əksini tapıb. Fikrimcə, burada daha çox Xəzər regionunda əmin-amanlığın qorunub saxlanması əsas götürülüb. Rusiyadakı iş adamlarımızın maraqlarının qorunması məsələsi də bizim üçün az önəm daşımır. Bu baxımdan sənəddəki 21-ci maddə mühüm rol oynayacaq. Azərbaycanın Atom Elektrik Stansiyası ila bağlı planlarının olduğunu nəzərə alsaq, 32-ci maddənin Bəyyanaməyə nə məqsədlə salındığı anlaşılır. Beynəlxalq nəqliyyat dəhlizi, tranzit daşınmaları, energetika sahəsində əməkdaşlıqla bağlı maddələri də mən ölkəmizin maraqları baxımından yüksək qiymətləndirirəm. Bir cümləylə yekunlaşdırmalı olsaq, bu Bəyannamə indiki mürəkkəb dövrdə dövlətimizin müstəqillik potensialının artırılmasında, ancaq və ancaq öz milli maraqlarına dayanan siyasət yeridə bilməsində mühüm rol oynayacaq”. 

Millət vəkili Vüqar Bayramov da vurğulayıb ki, regionda son zamanlar formalaşan yeni düzən və xüsusən də dünyanın fərqli qütbləri arasındakı münasibətlərin heç də xoş olmaması Azərbaycanın öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasətinin şaxələndirilməsini daha da aktuallaşdırır: 

“Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Azərbaycan türk dovlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Türk dövlətlərini birləşdirən şuranın 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə verdiyi önəmi bir daha təsdiq edir. Bu baxımdan, hər hansı digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə hər hansı xələl gətirə bilməz. Məhz çoxşaxəli xarici siyasətin istiqamətlərindən biri də ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsidir. Gələn ay Bakıda Azərbaycan ilə İttifaq arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi və 2022-ci ildə ikitərəfli sazişin imzalanmasının gözlənilməsi də bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Türkiyə və Rusiya ilə müttəfiqlik edərək Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanmasının nəzərdə tutulması çoxşaxəli xarici siyasətin nəticəsində mümkün ola bilərdi”.
V.Bayramov qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstində hərbi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi olduqca vacibdir: “Yeni bəyannamə də məhz bu məqsədə xidmət edir. Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu təsəvvür etmək çətin deyil.  Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdı. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir”.