Moskva Bəyannaməsinin imzalanması bir zərurətdir

Sənəd Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni mərhələyə qaldıracaq

"Hər şeydən əvvəl ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək"


   Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar. Bəyannamənin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirməsinə dair öhdəlikdir. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur. Tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. 

Sənəddə mühüm məqamlardan biri də üçtərəfli bəyanatlarda yer alan müddəaların həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir. Onu da qeyd etmək lazımdır ki, Moskva Bəyannaməsi heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür. Regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Bundan əlavə ölkəmiz bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Azərbaycanın NATO ilə münasibətləri də uğurla inkişaf edir. Bütün bunlar bir daha sübut edir ki, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə imkan verir. Son dövrlər Azərbaycan və Rusiya arasındakı münasibətlər də dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına Prezident İlham Əliyev və Rusiya rəhbəri Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir göstərir. 

Millət vəkili Hikmət Babaoğlu “Şərq”ə bildirib ki, hazırda dünyada heç bir ölkə milli təhlükəsizliyini təkbaşına təmin edə bilmir. Bu, hər şeydən əvvəl beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşması ilə bağlıdır. Deputatın sözlərinə görə, hər yenilik özlüyündə çoxsaylı maneələri dəf etmək və özünü təsdiq etdirə bilmək mərhələsindən keçməyə məhkumdur:

“Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və uzunmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır. Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsizliyi təmin etmək olduqca çətin vəzifədir. Xüsusilə tarixən mürəkkəb geostrateji rayon kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbul etməyi tələb edir. Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi, yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda, əlbəttə, milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başlayıb. Ona görə də məhz indi dünyada baş verən qlobal geostrateji “zəlzələlər” və postsovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib. Birinci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla Qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll edib. Milli təhlükəsizliyimizin ikinci strateji istiqaməti şimal istiqamətidir ki, bu istiqamətdə də qonşu Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması tarixi zərurətə çevrilib. Əslində, hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu, geostrateji reallıqdır. Belə olan halda yalnız praqmatik və rasional siyasi qərarlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində, Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı perspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımlar atılmasını, sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib”. 

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Rusiya səfəri və səfər çərçivəsində Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasının nəzərdə tutulması olduqca aktualdır: 

“Təqribən 40 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, eyni zamanda, humanitar sahələri əhatə edəcək belə bir mühüm sənədin imzalanması Putinin də dediyi kimi, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni mərhələyə qaldıracaq. Bu mühüm mərhələni hərbi-siyasi və geostrateji kontekstdə yeni tarixi mərhələ kimi səciyyələndirmək olar. Hər şeydən əvvəl ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək. Regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırkı mürəkkəb tarixi şəraitdə milli təhlükəsizliyimizi təminetmənin ən yaxşı yoludur”.