"Ermənistanda aqressiv bir kəsim var ki, bizimlə ünsiyyət qurmağı qəbul etmirlər"

Bütün üstünlüklərdən istifadə edərək, Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik

Tahir Mirkişili: "Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər"


   Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana səfər etmiş millət vəkillərimiz ölkəyə qayıdıb. Ermənistana səfər və görüşlərlə bağlı təəssüratını feysbuk səhifəsində paylaşan deputat Tahir Mirkişili səfərin çətin və mürəkkəb olduğunu söyləyib. Parlament üzvünün sözlərinə görə, xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq, qalib Azərbaycanı İrəvanda layiqincə təmsil etməyə çalışıblar: “Çalışdıq ki, şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabına əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. 

Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər. Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçilər, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansımız oldu. Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycanla sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Hesab edirəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür”.

T.Mirkişili əlavə edib ki, aqressiv bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər:

 “Bu kəsim həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq. Reallıq bundan ibarətdir ki, regionun ən güclü və ən aparıcı ölkəsiyik. Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər həmrəydir. Bütün bu üstünlüklərdən istifadə edərək, Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik. Bunu onlar da doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. 

Bizim səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında müsbət rol oynadı. Amma eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt cavab verməyə də həmişə hazır olmalıyıq. Güclü dövlət olaraq sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə çevriləcək”. 

Milli Məclisin üzvü vurğulayıb ki, onlar İrəvana Ali Baş Komandana, güclü dövlətimizə güvənərək gediblər:

 “Biz bu güvəni, dəstəyi hər an orda hiss etdik. Milli Məclisin rəhbəri Sahibə xanımın daim bizimlə təmasda olması, sanki onun bizimlə bir yerdə olması təəssüratı yaradırdı. Bütün bunlar isə bizə lazımi dərəcədə özümüzə əmin olmağa, dövlətimizin və xalqımızın marağını istənilən situasiyada qorumağa, ən çətin şəraitdə belə cəsarətlə həqiqətləri deməyə imkan yaradırdı. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk! Eyni zamanda, media nümayəndələrinə, sosial şəbəkələrdə dəstək materialları və şərhləri yazan bütün hər kəsə təşəkkür edirik! Bu, bizim üçün qeyri-standart şəraitdə adi bir işgüzar səfər idi. Əminəm ki, bundan sonra belə səfərlər çox olacaq”.