Kreml işğal planını işə salıb

Qərb Rusiyanı dayandırmasa, Avropanın da üzərini qara buludlar alacaq

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rus ordusu və zirehli texnikası Donbass bölgəsinə girib. Nəticədə rus qoşunları ilə Ukrayna ordusu arasında genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Rusların dəstəyi ilə separatçılar Donbassda Qorodişe və Melovoe kəndlərini ələ keçiriblər. Xmelnitski, Dnepropetrovsk, Vinnitsk və Kiyev vilayətlərində Rusiyanın raket zərbələrindən sonra yanğınlar başlayıb. Lutsk şəhərindəki teleqüllə dağıdılıb. Ukrayna hərbçiləri isə Rusiyanın beş təyyarə və bir helikopterini vurublar. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya silahlı qüvvələrinə layiqli cavab verilib və düşmən yüzlərlə canlı qüvvəsini itirib.  

Ukrayna ordusu 40-dan çox hərbçisini itirdiyini təsdiqləyib

Ukrayna ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var. Zelenskinin ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib: “Rusiyanın hücumu nəticəsində 3 sərhədçi, 7 hərbçi və iki mülki vətəndaş həlak olub. Heç nəyə baxmayaraq, sərhədçilər işğalçı ilə döyüşür”. Bildirilib ki, Xerson vilayətinin Kopani və İvano Xersonsk yaşayış məntəqələrində döyüşlər gedir. 

“Kiyev qanadlı raketlərlə vurulub”

Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılıb. Daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib ki, Kiyevlə yanaşı, Xarkova da raketlər atılıb: “Kiyev və Xarkovdakı hərbi mərkəzə raket zərbələri oldu. Sərhəddə artilleriya atışları gedir. Bu gündən dünyada yeni geosiyasi reallıq yaranıdı. Ya Ukrayna, ya da dünya yeni Hitleri dayandıracaq”. Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri də eşidilib. Borispol şəhərinin meri Vladimir Borisenko bildirib ki, Kiyev yaxınlığındakı partlayışlar səsləri hava hücumundan müdafiə vasitələrinin PUA-lara qarşı zərbələri idi.

“Rusiya Hitlerin etdiyini təkrarlayır”

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya II Dünya Müharibəsi illərində nasist Almaniyasının etdiyi kimi səhər saatlarında xaincəsinə hücum edib: “Bu gün ölkələrimiz dünya tarixinin müxtəlif tərəflərindədir. Rusiya şər yoluna qədəm qoyub, lakin Ukrayna özünü müdafiə edir və Moskvanın nə düşünməsindən asılı olmayaraq, azadlığından əl çəkməyəcək”. Prezidentin tapşırığı ilə Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik münasibətlərin kəsilməsi proseduruna başlayıb. Rusiyanın Ukraynaya qarşı silahlı təcavüz aktına, Ukrayna dövlətini məhv etmək üçün Rusiya qoşunlarının yeridilməsinə, Ukrayna ərazisinin güc yolu ilə ələ keçirilməsinə cavab olaraq belə bir addım atılıb. 

Zelenski əhalini panikaya düşməməyə çağırıb

Ukraynanın dövlət başçısı Zelenski xalqa müraciətində deyib ki, Vladimir Putin Ukraynanı məhv etmək istəyir. O, bütün demokratik dünya ilə müharibəyə başlayıb: “Ukrayna ordusu layiqli mübarizə aparır. Biz təkcə bombalarla deyil, həm də saxta xəbərlərlə hücuma məruz qalırıq. Odur ki, rəsmi mənbələrə inanmaq lazımdır”. O, yerli əhalini panikaya düşməməyə çağırıb: “Bizim həmrəyliyə ehtiyacımız var. Ukraynalılar güclüdürlər, cəsarətlidirlər. Biz bunu bir neçə dəfə sübut etmişik”.

“AntiPutin koalisiyası yaradırıq...”

Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırıb. O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderlərindən Putini dərhal dayandırmağı xahiş edib: “Putini dərhal Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. AntiPutin koalisiyası yaradırıq. Dərhal sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyyə və müdafiə dəstəyi verilsin. Dünya Rusiyanı sülhə vadar etməlidir”.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hücumunu sərt şəkildə pisləyib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Rusiyanın Ukraynaya qarşı görünməmiş hərbi təcavüzünü ən kəskin şəkildə pisləyib: “Rusiya özünün əsassız hərbi hərəkətləri ilə beynəlxalq hüququ kobud şəkildə pozur, Avropada sabitliyə və qlobal təhlükəsizliyə zərbə vurur. Biz insan tələfatına və onların çəkdikləri ağrılara görə təəssüf edirik. Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa, ordusunu Ukraynadan çıxarmağa və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə tam hörmət etməyə çağırırıq. XXI əsrdə bu cür güc və məcburiyyətdən istifadənin yeri yoxdur. Aİ bu misilsiz böhranla üzləşən Ukrayna və onun xalqının yanında qətiyyətlə dayanır”. Birgə bəyanatda qeyd olunub ki, Aİ liderləri görüşəcək: “Avropa Şurasının prezidenti Mişel böhranı və əlavə məhdudlaşdırıcı tədbirləri müzakirə etmək üçün təcili olaraq Avropa Şurasının fövqəladə iclasını çağırıb”. 

Boris Conson Ukrayna xalqının müqavimət göstərəcəyinə ümid edir

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Telefon danışığı zamanı Boris Conson Zelenskiyə Ukraynada baş verən hadisələrdən dəhşətə gəldiyini bildirib. O, Qərbin Prezident Putinin Ukrayna xalqına qarşı başlatdığı müharibəni dayanıb izləməyəcəyini vurğulayıb. Conson Ukrayna xalqının müqavimət göstərə biləcəyinə ümid etdiyini deyib.

Rusiyanı bu hərəkatı tez bir zamanda dayandırmağa çağırırıq”

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanı hücumu tez zamanda dayandırmağa çağırıb: 

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbuledilməz hesab edirik. Bu hücum Minsk razılaşmasının pozulması ilə yanaşı, həm də beynəlxalq hüquqa ziddir. Eyni zamanda hücum region və dünya üçün ciddi təhdiddir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edən Türkiyə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinədir. Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz davam edir”.

“Müttəfiqlərimizlə birlikdə Rusiyaya cavab verəcəyik”

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi “Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq. O bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək. Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq. Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək: “Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.

“Fransa Ukraynaya dəstək göstərməkdə davam edəcək”

Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib: “Bu gün bir daha Ukrayna xalqına, Prezident Zelenskiyə dəstəyimizi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tərəfdar olduğumuzu bəyan edirəm. Fransa iqtisadi və maliyyə sahələrində, o cümlədən müdafiə avadanlığı sahəsində öz dəstəyini nümayiş etdirməkdə davam edəcək”. 

BMT-nin Baş katibi Antonio Qutterreş Rusiya Prezidenti Vladimir Putinə çağırış edib. Bildirib ki, Putin insanlıq naminə qoşunları Rusiyaya qaytarmalıdır: “Bu münaqişə indi dayandırılmalıdır”.

“Rusiyada etirazlar başlayıb...”

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb. Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər. Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb. Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər. Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələrə axışıblar. Üç nəfər saxlanılıb.

“Düşünmək olar ki, Moskva açıq tədbirlərlə yanaşı, gizli tədbirlərə də əl atır”

Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Kreml işğal planını işə saldı. Onun sözlərinə görə, vəziyyətin dramatikləşməsi Avropa üçün təhdidləri praktiki müstəviyə çəkir: 

“Ukraynanın Rusiya və Belarus tərəfindən mühasirəyə alınması Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovaya, oradan isə sıçrayış edərək digər ölkələrə təhlükə gətirir. Rusiya Kalininqradda da və ilhaq etdiyi Krımda da strateji silahlar yerləşdirib, əgər NATO proseslərə hərbi tədbirlərlə qarşılıq verəcəksə, o zaman Avropanın başı üzərində qara dumanlar qatılaşacaq. Qısası, bu müharibənin təsirləri Ukraynadan da qat-qat uzaqlara yayılır və Rusiyanın da, NATO-nun da davranışlarında əlavə istiqamətlər yaradır. NATO-nun 1997-ci ildən bu yana sərhədlərini genişləndirməsi və Ukraynanı da öz çətiri altında görmək istəməsi Rusiyanı hiddətləndirir. Rusiya burnunun dibində NATO-nu görmək istəmədiyindən bütün cəbhələrdəki təzyiqi artırır və Ukraynanı tükəndirməyə çalışır. Tükəndirici tezislərə uyğun olan hərbi əməliyyatlar Avropada təhlükəsizlik nizamının təməllərini sarsıdır. Avropa üçün “qiyamət günü” yaxınlaşır və Avropa dövlətləri də özünümüdafiə reflekslərini işə salmaq zərurətini dərk edirlər. Bu isə  tərəflər üçün barıt qoxulu senariləri prioritetlərə daşıyır. Avropanın Rusiya ilə soyuq müharibə tərzində qarşıdurma çağırışları ilə üz-üzə qalması bəşəri faciələr üçün də pəncərə açır. Düşünmək olar ki, Moskva açıq tədbirlərlə yanaşı, gizli tədbirlərə də əl atır. Rusiyanın Ukraynanı daxildən sarsıtmağa hazırlaşan geniş məxfi agentlər şəbəkəsi qurması da şübhə doğurmur. Əgər müharibənin miqyası genişlənməzsə, bunun özü də hərb variantlarını gündəmdən çıxarmayacaq”.