Qanayan yara...- İnsanlarımız xüsusi amansızlıqla öldürülüb

Xocavənddə kütləvi məzarlığın aşkarlanması erməni vandalizminin növbəti əyani sübutudur

   Kəlbəcərdə, Şuşa ətrafında, Xocavənddə kütləvi məzarlıqlar tapılıb. Bu barədə Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Ermənistanın Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir: “Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb.

Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb. Ermənistan bu istiqamətdə addımlar atsaydı, bu, münasibətlərin normallaşması prosesinə töhfə verərdi”. Şuşada səfərdə olan fransalı fotoreportyor Qriqori Herpe də deyib ki, ermənilərin çox olduğu Fransada Qarabağ münaqişəsinin bütün tərəfləri bilinmir. Onun sözlərinə görə, Qarabağa səfər zamanı gördüyümüz kütləvi məzarlıqlar işğalın və müharibə cinayətlərinin sübutudur: “Fransada ermənilər çoxdur. Biz kütləvi məzarlıqları gördük, bu, çox dəhşətli idi. Bu, işğalın və əlbəttə ki, müharibə qəddarlıqlarının sübutudur”. 

Xatırladaq ki, Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq şahid ifadələri və materiallar əsasında müəyyən edilib. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun üzvü Zaur İsmayılov bildirib ki, araşdırmalar zamanı məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur: “Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələri əsasında məzarlığın aşkarlanması mümkün olub. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var. Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaq”. Zaur İsmayılov deyib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, Xocavəndin Edilli kəndində kütləvi məzarlığın aşkarlanması erməni vandalizminin növbəti əyani sübutudur. Ekspertin sözlərinə görə, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyatdadır:

 “Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb. Öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri kütləvi məzarlıqlarla gizlədilməyə çalışılıb. Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq bunun əyani sübutudur. Orada aşkarlanan 15-20 nəfərin qalıqlarından da görünür ki, həmin şəxslər qeyri-insani işgəncələrə məruz qalıb, daha sonra da xüsusi amansızlıqla öldürülüb. 

Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan məzarlıqlar isə bu qətliamların əyani sübutudur”. 

T.Rzayevə görə, ölkə başçısı fevralın 4-də Azərbaycan, Aİ, Fransa və Ermənistan liderləri arasında görüş zamanı bu məsələni gündəmə gətirib: “Nəticədə Aİ tərəfindən görüşün yekunlarına dair verilən bəyanatda Ermənistanın insanlığa yaraşmayan bu cinayəti gələcək dialoqdakı gündəliyə salınıb.

 Göründüyü kimi Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. 

Azərbaycan tərəfi isə beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Misal üçün, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilib.

  Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır”.