Rusiya hərbi məqsədlərinə hələ çata bilməyib

Tərəflər tezliklə danışıqlar masasına əyləşməyə məcbur olacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”. Zelenski bundan əvvəl Ukraynanın neytral statusu və təhlükəsizlik təminatı ilə bağlı Rusiya ilə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib. O həmçinin, qeyd edib ki, qərbli tərəfdaşları Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir.

Zelenski yenidən rusiyalılara müraciət etdi: “Mübarizə aparın”

Zelenski Rusiya vətəndaşlarına növbəti dəfə müraciət edib. O deyib ki, Ukrayna Rusiyada müharibəyə etiraz edən vətəndaşları görür: “Rusiyanın etiraza çıxan bütün vətəndaşlarına demək istəyirəm ki, sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başlamısınız. Bizim üçün müharibənin əleyhinə mübarizə aparın”. Qeyd edək ki, Zelenski ötən gün də Rusiya vətəndaşlarına müraciət edərək onları müharibə əleyhinə etirazlara çağırmışdı.

“Ukrayna ilə danışıq başlayır…”

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır: “Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml Administrasiyasının nümayəndələri daxil olacaq. Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqladı. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, əməliyyatın məqsədi “lxr” və “dxr”ə kömək etmək, Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”. 

Co Baydendən təlimat: 7 min əsgər yola düşdü

Rusiyanın Ukraynada irəlilədiyi bir vaxtda Pentaqonun yüksək səviyyəli rəsmisi ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Almaniyaya əlavə 7 min əsgər göndərəcəklərini açıqlayıb: “Silahlı Qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərimizi müdafiə etmək və şərqdəki müttəfiqlərimizə güvən vermək üçün gedir”. 

Aİ Rusiyaya bir sıra sərt sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tvitterdə yazıblar: “Bu axşam təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir.
Birincisi, bu paketə Rusiya bank bazarının 70 faizini və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir. İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik. İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq. Üçüncüsü, Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik. Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq. Nəhayət, vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər”. 

“Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə Avropada genişmiqyaslı müharibənin dağıdıcı reallığı ilə qarşılaşdıqlarını vurğulayıb: “Yalnız Rusiya təqsirkardır. Ağır bədəl ödəyəcək. Aİ liderləri maliyyə, enerji və nəqliyyat sektorları da daxil olmaqla, böyük sanksiyalar paketi ilə cavab verdilər. Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik. Beynəlxalq tərəfdaşlarla Ukraynaya siyasi, maliyyə və humanitar yardım göstərmək üçün qətiyyətlə hərəkət edirik”. 

“Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək”

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib ki, Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək. O, bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib: “Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək”. 

“Kiyev müdafiə mərhələsinə daxil olub”

Kiyevin meri Vitali Kliçko deyib ki, paytaxtda müdafiə vəziyyəti elan olunub. O, şəhər sakinlərindən su və ərzaq tədarükü görməyi, sığınacaqlarda gizlənməyi xahiş edib: “Şəhəri müdafiə etmək gücündə olan hər kəsi döyüşçülərə yardım etməyə çağırıram”. Ukrayna Daxili İşlər Nazirliyi isə hərbçilərin və döyüş texnikasının şəhərə daxil olduğunu, şəhər sakinlərindən texnikanın hərəkətini çəkməməyi xahiş edib.

“Rusiya müharibənin ilk gününün hərbi məqsədlərinə çata bilməyib”

Britaniya kəşfiyyatı bildirib ki, Rusiya müharibənin ilk gününün hərbi məqsədlərinə çata bilməyib. Qeyd olunub ki, Ukrayna Ordusu Rusiya bölmələrinin Çerniqov istiqamətində hücumunu dəf edib, lakin döyüşlərin şəhər ətrafında davam etdiyi ehtimal edilir. Kəşfiyyat məlumatında o da bildirilib ki, Ukrayna Ordusu cəbhənin bütün cinahları boyunca Rusiya qoşunlarına şiddətli şəkildə müqavimət göstərib. Məlumatda Rusiya hərbçilərinin Çernobıl Atom Elektrik Stansiyasının ərazisini işğal etdiyi və stansiyanın əməkdaşlarının saxlanıldığı qeyd olunub.

“Xarkovda şiddətli döyüşlər davam edir”

Xarkovda olan “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev deyib ki, vəziyyət kritikdir. Şəhər mühasirə altındadır. O bildirib ki, hazırda Rusiya Ordusu şəhəri ağır artilleriya atəşinə tutur: “Əhali metrolarda, zirzəmilərdə gizlənir. Marketlər hamısı bağlıdır. Ərzaq qıtlığı yaşanır. İnsanların həyatı təhlükədədir. Qeyd edim ki, bir neçə saat əvvəl şəhərin mərkəzinə bir neçə mərmi düşdü”. O vurğulayıb ki, Ukrayna Ordusu müqavimət göstərir: “Ruh yüksəkliyi var, ukraynalı hərbçilər müqavimət göstərirlər. Şiddətli döyüşlər davam edir”.

“Rus quru qoşunları üzbəüz döyüşə bilmir”

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücum etməsinə baxmayaraq, bu saatlara kimi istəyinə nail ola bilmir: 

“Bunun əsas səbəbi rus quru qoşunlarının Ukrayna əsgərləri ilə açıq döyüşdə məğlub olmasıdır. Rus quru qoşunları üzbəüz döyüşə bilmir. Rusiyanın aviasiya və raket zərbərlərinə baxmayaraq yerdə məğlubiyyətə uğrayır. Rusiya rəhbərliyi istəyinə nail olmasa, quru qoşunları ciddi itki versə, Ukrayna Prezidenti Zelenski ilə danışıqlara gedə bilər. Təbii ki, raket və aviazərbələr Ukrayna rəhbərliyinin də danışıqlar masasına əyləşməsini diktə edir. Göründüyü kimi 200 min qoşun, aviasiya və raket zərbələrinə baxmayaraq rus hərbi mifi Ukraynada bu saata qədər fiaskoya uğrayır. Baxmayaraq ki, Putin 12 saat ərzində Kiyevi tutacağını zənn edirdi. Ordu birliklərinin Kiyevə doğru irəliləməsi də bu planın tərkib hissəsi olduğunu göstərir”.