Millət vəkili: "Moskva Bəyannaməsi ölkəmizin suverenliyinin qorunmasına bir zəmanətdir"

“Rusiya ilə Azərbaycan arasında bağlanan “Müttəfiqlik Bəyannaməsi” zamanında və yerində atılmış addımdır”.

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev parlamentin plenar iclasında deyib.

Deputat əlavə edib ki, Bəyannamə suverenliyimizə təhdid yox, özünüqoruma instinktindən yaranan, ağıllı və balanslı siyasətin nəticəsidir: 

“Bu siyasət bizə işğalda olan əraziləri azad etməyə imkan yaratdı. Bəyannamə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına bir zəmanətdir. Bəyannamədə Azərbaycan üçün xeyli uduşlu məqam var. Biz dost Ukraynada baş verən hadisələri görmürükmü? Rusiya Qarabağda olan ermənilərə pasport və vətəndaşlıq təklif edə bilər deyə, narahat deyildikmi? Separatçılar bunun üçün çalışmırdımı, Rusiyaya birləşmək istəmirdimi? Amma Bəyannamə bu təhlükələrə nöqtə qoydu. Ermənistan hər zaman Rusiyanı Azərbaycana qarşı qoymaq istəyib. Heç də Rusiyanı birbaşa erməni lobbisinin və Ermənistanın ixtiyarına vermək olmaz. Bu Bəyanamədən sonra Ermənistan cəmiyyəti sanki yasa batıb. Ermənistanın siyasi partiyaları Paşinyanı istefaya dəvət edir. Onlar hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik Bəyannaməsi”nin imzalanması artıq Ermənistanın bütün planlarına son qoymuş olur. Artıq Ermənistanın Rusiya kartı ilə Azərbaycana təzyiq göstərmək imkanı əlindən çıxmış oldu”.