"Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyası Ukrayna tərəfdədir"  -  Elxan Şahinoğlu 

"Putin slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı"

"Rusiya ordusu, generalları və hərbi texnikası haqqında miflər dağılmaq üzrədir". 

"Sherg.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, hərbi ekspertlər də yazırlar ki, Rusiyanın müxtəlif sərgilərdə nümayiş etdirdiyi yüksək texnolji silahlar yoxdur. Ukraynada istifadə etdikləri hələ ki, köhnə silah və sursatdır: 

"Ukraynanın millətçi ruhu ilə tanınan şəhəri Lvova desant tökməyə çalışıblar. Şərqi Ukraynanı anladıq, oranı işğal etmək istəyirlər, Krıma quru yolu ələ keçirməyə çalışırlar. Bəs Rusiya ordusunun Qərbi Ukraynanın mərkəzi - Lvova desant tökməkdə məqsədi nədir? Nəticə əldə etməyiblər. Kremlin siyasi hədəfi də sual doğurur. Tutaq ki, bir müddət sonra Ukrayna ordusunun müqavimətini qırıb Ukraynanın tamamını işğal etdilər. Bəs sonra? Kreml  Ukraynanın başına gətirəcəyi kukla prezidentin ukraynalıların tamamını ram edəcəyinimi düşünür? Yəni həm hərbi, həm də siyasi “planlanamanı” üzlərinə-gözlərinə bulaşdırdılar. Kremlin əldə etdiyi “nəticə” budur: Slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı...".

Ekspertə görə, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyasının Ukrayna tərəfdə olduğu aşkardır: 

"Rusiya 2014-cü ildə Krımı ilhaq edib Donbasda separatçı hərəkat yaradanda da cəmiyyətimiz Ukraynanın yanında idi. Azərbaycan rəsmiləri son hadisələr fonunda nə dərəcədə ehtiyatlı mövqe nümayiş etdirsələr də, cəmiyyətdəki əhval-ruhiyyəni görürlər. Kiçik istisnalarla rəsmilərimiz içərisində də Ukraynanın qələbə qazanmasını istəyənlərin sayı az olmaz. Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya 5 milyon dollar dəyərində humanitar yardım göndərməyə qərar verdi. Bunun ardınca Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verildiyi xəbəri yayıldı. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri keçmiş illərdə də müharibədən əziyyət çəkənlərə yardım etmişdi. Doğru olan da budur!".