Rusiyanın Zelenskini öldürmək planı ola bilməz



Bu cür informasiyalar müharibə şayiəsindən başqa bir şey deyil

“The Times” nəşrində qeyd olunub ki, Kremlin tapşırığı ilə Ukrayna Prezidenti Zelenski və nazirləri öldürmək üçün göndərilən 400 muzdlu hazırda fəaliyyətdədir: “Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”.
 Məsələni “Şərq”ə şərh edən siyasi ekspert Turab Rzayev  bildirib ki, bu heç də inandırıcı görünmür: 

“Əgər Zelenskini öldürmək lazım olsa idi rus kəşfiyyatı bunun üçün öz və ya digər xüsusi xidmət orqanlarının nümayəndələrini cəlb  edərdi. Bu məqsədlə Afrikadan hər hansısa döyüşçünü gətirmək  lazım gəlməzdi. Rusiyanın özündə fərqli kateqoriyadan olan kifayət qədər xüsusi təyinatlı qüvvələr, eyni zamanda, özündə yaxın bölgələrdə kifayət qədər belə döyüşçülər var. Onlardan istifadə edə bilərdi. Bu cür informasiyalar müharibə şayiəsindən başqa bir şey deyil”. Analitikin fikrincə, Zelenskini indiki vəziyyətdə öldürmək Rusiyanı dünya siyasətindən tamamilə təcrid edə bilər: “Çünki dünya siyasətində ölkə rəhbərlərinə, prezidentlərə qarşı bu cür sui-qəsd cəhdləri heç bir halda xoş qarşılanmır. Rəsmi Moskva tərəfindən belə bir addım atılsa, Rusiya heç vaxt dünya cəmiyyətinə inteqrasiya edə bilməyəcək. Ona görə  Kremlin bunu planlaşdırdığını düşünmürəm. İndi Rusiya Zelenskini hakimiyyətdən uzaqlaşdırıb, yerinə başqa birini gətirmək fikrində ola bilər”.