Parisdən gələn ZƏNG ! – «Aparıcı ölkələr çox gözəl başa düşür...»

 «Biz sülh mövqeyində dayanmışıq və dövlətlərin ərazi bütövlüyünü ən vacib dəyər sayırıq»

 «Təbii olaraq belə bir mövqeyin sahibi ilə müzakirələr aparmaq bu ölkələrin özləri üçün də önəmlidir»

« Bir sıra ölkə rəhbərləri öz işlərinə olan münasibətləri ilə dünyanı bugünkü xaotik vəziyyətə salıblar. Artıq o həddə çatıb ki,onlar nüvə silahından istifadə məsələsini gündəmə gətiriblər. Bizsə regionda sülh yaratmışıq” 


Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Liderlər söhbət zamanı Ukraynada cərəyan edən böhranlı vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə ediblər. Danışıq  zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Danışığı «Sherg.az»a dəyərləndirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri,millət vəkili Səməd Seyidov bildirib ki, Azərbaycan  Qarabağı işğaldan azad etdikdən sonra tamamilə başqa bir müstəviyə keçdi:

“Bunu yalnız biz yox, dünyanın aparıcı ölkələri də çox gözəl başa düşür. NATO baş katibi Yents Stolberqin ölkə başçımıza zəngi, Polşa rəhbərliyinin onunla məsləhətləşmələr aparması, cənab İlham Əliyevin Zelinskinin özü ilə də Ukrayna məsələsini müzakirə etməsi rəsmi Bakının mövqeyinin hər bir ölkə üçün əhəmiyyətli olduğunu göstərir”. 

S.Seyidov vurğulayıb ki, biz sülh mövqeyində dayanmışıq və dövlətlərin ərazi bütövlüyünü ən vacib dəyər sayırıq:

«Təbii olaraq belə bir mövqeyin sahibi ilə müzakirələr aparmaq bu ölkələrin özləri üçün də önəmlidir. Bir sıra ölkə rəhbərləri öz işlərinə olan münasibətləri ilə dünyanı bugünkü xaotik vəziyyətə salıblar. Artıq o həddə çatıb ki,onlar nüvə silahından istifadə məsələsini gündəmə gətiriblər. Bizsə regionda sülh yaratmışıq”. 

Millət vəkilinin qənaətincə, indi dünya ölkələri hazırkı mürəkkəb vəziyyətdən çıxmaq qabiliyyətinə malik dövlət rəhbərləri ilə müzakirələrə xüsusi önəm verirlər: 

“Böyük dövlət başçılarının cənab Prezidentə zəngləri digər tərəfdən də buna hesablanıb. Hələ belə zənglər çox olacaq”.