«Paşinyan və Xaçatryan sülh yaratmaq prosesinə gedə bilər»


«Artıq Paşinyan hakimiyyətin bütün qolları üzərində nəzarəti təmin edir»

«Azərbaycan və Türkiyə ilə əlaqələrin sahmana salınmasında birgə iştirak edəcəklər»


Vahan Xaçatryan Ermənistanın prezidenti seçilib.
“Sherg.az” xəbər verir ki, ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib.
Hakim “Mülki müqavilə”dən olan namizədin lehinə 71 deputat səs verib.

Qeyd edək ki, keçmiş prezident Armen Sarkisyan yanvar ayında istefa verib. O, konstitusiyaya görə hadisələrə təsir etmək səlahiyyətinə malik olmadığını vurğulayıb. Politoloqlar bunu Ermənistan hökümətinin Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində güzəşt və razılaşmalara getməsi ilə bağlayır.

İndi diqqətlər yeni prezidentdədir. Onun mövqeyi regiona müəyyən yeniliklər gətirəcəkmi ?

Sualmızı cavablandıran sabiq müşavir, politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib ki, yeni prezident Nikol Paşinyanın əlini qüvvətləndirəcək:

« Xaçatryanın mövqeyi radikal deyil. Reallıqları düzgün qavradığına görə sülh yaratmaq prosesinə müsbət təsir göstərəcək. Artıq Paşinyan hakimiyyətin bütün qolları üzərində nəzarəti təmin edir. Bundan sonra həm müxalifətə, həm də qisasçı qüvvəllərə əhəmiyyət vermədən sülh yaratmaq prosesinə gedə bilər”.

Politoloq hesab edir ki, yeni prezident bölgədə baş verənlərə təsir edəcək:

“Zənnimcə, belə bir şəxsin əvvəllər Yüksək Texnologiyalar Nazirliyinə rəhbər seçilməsi kifayət qədər müsbət bir hadisədir. Əvvəlki prezident – Armen Sarkisyandan fərqli olaraq Paşinyanla əl-ələ verəcək, bölgədə sabitliyin qorunmasında, Azərbaycan və Türkiyə ilə əlaqələrin sahmana salınmasında birgə iştirak edəcəklər».

 Cəmilə ƏZİM