Ermənistan dilemma qarşısında: "Ya sülh, ya da başına ələnən od..." - Bakı diktə edir!

 “İndi rəsmi İrəvanın gələcəyinə dair baxışlar heç də xoş deyil. Bir tərəfdən Azərbaycanın hərbi cəbhədə qələbəsi, digər tərəfdən Türkiyə amili və Rusiyadan gələn təhdidlər”

“Rəsmi İrəvan  belə “diş qıcama” ilə  vaxt qazanmağa çalışır”

“Amma hər keçən gün İrəvanın başına ələnən oda çevrilir”




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib. Görüşə səbəb A.İbrahimin ölkəmizdəki diplomatik fəaliyyətinin  sona çatması olub.X İN baçısı səfirə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət,azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. Eyni zamanda işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla  münasibətlərin normallaşdırılması istiqamətində  imkanların yaradıldığını qeyd edib. C.Bayramov bildirib ki,tərəflər arasında əlaqələrin inkişafı  üçün ilk növbədə beynəlxalq hüququn suverenlik,ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməlidir. 

Siyasi şərhçi  Aqşin Kərimov Azərbaycan XİN başçısının bu açıqlamasını“Sherg.az”a dəyərləndirib. O bildirib ki, hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək məcburiyyətindədir:

  “Əks halda bu ölkənin başına hansı hadisələrin gələcəyi məlumdur. İndi rəsmi İrəvanın gələcəyinə dair baxışlar heç də xoş deyil. Bir tərəfdən Azərbaycanın hərbi cəbhədə qələbəsi, digər tərəfdən Türkiyə amili və Rusiyadan gələn təhdidlər. Ermənistan ikili stulda oturmağa çalışsa da, o Rusiyanın forpostu statusundan çıxa bilməyib”. 

Analitik  Nikol Paşinyanın Azərbaycanla sülhə dair  son çıxışına  diqqət çəkib: 

“O bildirib ki, tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Amma bu müqavilənin  parametrlərini texniki olaraq işləyib-hazırlamaq  da  müəyyən vaxt aparır.Burda hər detala fikir vermək lazımdır ki,Ermənistan gələcəkdə həmin maddəni istədiyi kimi interpretasiya etməsin”. 

A.Kərimova görə, hazırda Azərbaycan qətiyyətli prinsipiallıq nümayiş etdirir və rəsmi İrəvana indidən ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyin tanınması kimi  məsələlərin vacibliyini eşitdirir:

 “İndi seçim Ermənistanındır”.

Siyasi  şərhçi  həmçinin  rəsmi Bakı ilə əlaqələrin yaxşılaşmağa doğru getdiyi bir vaxtda Ermənistanın sərhəddə törətdiyi təxribatlara toxunub: 

“Bilirsinizmi bu nəyə bənzəyir? Təsəvvür edin, bir siçovul heç yerə çıxışı olmayan küncə sıxışdırılıb.Amma dişini göstərib öz qorxusunu nümayiş etdirir. Ermənistanın hazırkı davranışlarını da məhz bu halla müqayisə etmək olar.Rəsmi İrəvan  belə “diş qıcama” ilə  vaxt qazanmağa çalışır. Amma hər keçən gün İrəvanın başına ələnən oda çevrilir”.