“Gürcüstan da Ukrayna kimi, Avropa İttifaqına qəbul edilə bilər”

Ukraynadan sonra daha bir ölkə - Gürcüstan martın üçündə Avropa İttifaqına daxil olmaq üçün müraciət edib. Bu barədə Baş nazir İrakli Qaribaşvili  videomüraciətində məlumat verib.Qaribaşvili qeyd edib ki, ölkə 2024-cü ildə Aİ-na müraciət etməyi planlaşdırıb.Lakin siyasi kontekst və yeni reallığı nəzərə alan hakimiyyət bu işi sürətləndirmək qərarına gəlib.

“Borçalı” İctimai Birliyinin sədri, ictimai- siyasi xadim Zəlimxan Məmmədli bu barədə “Sherg.az”a danışarkən bildirib ki, bütün hallarda Gürcüstanın Aİ-yə üzvlük üçün müraciət etməsi təqdirəlayiq addımdır :

 “Gürcülər ağıllı millətdir. Dəyərləri saymayan, uşaq, qadın, qoca demədən  onları qətliyama məruz qoyan bir imperiyadan nicat diləməyin özü axmaqlıqdır. Bunu gözəl dərk edən rəsmi Tibilisi ölkənin təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətlərinin, mütərəqqi dünyanın dəstəyini almaq istəyir”.

Z.Məmmədli fikrincə,Ukraynadakı proseslər ölkələrin Aİ-yə qəbul prosesini  sadələşdirə bilər:
 
“Beləcə Gürcüstan da Ukrayna kimi qısa zamanda Aİ-yə qəbul edilmiş olar. Eyni zamanda güman edirəm ki,Avropa Birliyi dövlətləri tərəfindənTürkiyəyə qarşı olan siyasi  mahiyyətli basqılar aradan qalxmalı və o da  Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır. Bu iddia rəsmi Ankara tərəfindən də zaman-zaman səsləndirilib.Yaxın gələcəkdə Türkiyənin də Aİ-yə üzvlüyü gözləniləndir”. 

Z.Məmmədlinin qənaətincə, rəsmi Bakı da gələcək təhlükəsizliyinin sığortası üçün Aİ-yə müraciətlə bağlı düşünməlidir: 

“Ukrayna prosesləri göstərdi ki, təcavüzkar bir ölkə ilə qonşuluq Azərbaycan üçün də təhdiddir. İndi biz aydın yolumuzu seçməliyik”.