“Dünya post-Putin dövrünə hazırlaşır” – AKTUAL 

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu başa çatıb. Nəticədə, tərəflər humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər. Eyni zamanda Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediaya açıqlamasında danışıqların üçüncü mərhələsinin yaxın günlərdə baş tutacağını diqqətə çatdırıb: 

“Tərəflər müvəqqəti atəşkəs və hərbi əməliyyatların getdiyi bölgələrdəki yaşayış məntəqələrinin sakinlərinin təlxiyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair anlaşdılar.Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”.

Prosesi “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, kimlərsə bunu Ukraynanın geri çəkilməsi və Rusiyanın qələbəsi kimi təqdim edir: 

“Kökündən yanlış  fikirdir. Hazırda qısa müddətlik humanitar dəhliz açılıb. İkinci Qarabağ savaşında da belə olmuşdu. 

Rus ordusunun Ukraynaya işğalçı hücumu ərəfəsində öldürülən şəxslərin cəsədləri yollarda qalıb. Bu ciddi epidemioloji  fəsadlar yarada bilər. Qısa müddətlik elan edilmiş belə atəşkəs zamanı tərəflər meyidləri yığır, humanitar fəlakət yarada biləcək halların qarşısını alırlar. Döyüşlərin bundan sonra yenidən bərpa olunma ehtimalı yüksəkdir”.
Analitikin sözlərinə görə, hazırda tərəflər arasında belə qısa müddətdə atəşkəsin elan olunması gözlənilimir:

“Rusiyanın başlıca məqsədi Kiyevə hücumla Ukraynanı tam ələ keçirmək, xalqın seçdiyi qanuni prezident-Volodomir Zelenskini devirməkdir. Bununla rəsmi Moskva keçmiş SSRİ –ni bərpa etmək yolunda addımlar atır. Putin buna nail olmayacaq.Çünki son otuz ildə ilk dəfədir ki,Rusiya bu qədər ciddi iqtisadi, siyasi sanksiyalara məruz qalır”. 

A.Rəşidoğlunun fikrincə, Ukraynada Rusiya işğalına qarşı döyüşlər bundan sonra da davam edəcək və Putinin hakimiyyətdən devrilməsi ilə nəticələnək: 

“Artıq  bütün  dünya post-Putin dövrünə hazırlaşır”.