BMT sülhməramlıları Ukrayna ərazisində yerləşdiriləcəkmi? – AKTUAL ŞƏRH

Pənah Hüseyn: “Ukrayna tərəfin bura  müraciəti ilk növbədə  hazırda tərəflər arasında  elan edilmiş atəşkəs və ona əməl olunması ilə bağlıdır”

Sabir Məmmədli: “Belə olduqda  BMT-nin Nizamnaməsində də müəyyən dəyişikliklər edilməlidir. Bu isə çətin və qısa müddətdə həlli mümkün olmayan məsələdir”  

Martın üçündə Ukrayna Ali Radasının plenar iclası keçirilib. Parlament beynəlxalq təşkilatlara bir sıra müraciətləri təsdiqləyib.Ukrayna parlamentariləri beynəlxalq ictimaiyyəti təcili olaraq mülki əhalinin Rusiya qoşunlarının silahlı hücumlarından müdafiəsini təmin etmək üçün yardıma çağırıblar. Xalq deputatları müharibənin dayandırılması üçün vasitəçi olmaq xahişi ilə BMT-nin baş katibinə müraciət ediblər.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və  BDU-nun Jurnalistika fakültəsinin professoru Sabir Məmmədli  hazırda  BMT-nin  Ukraynada göstərə biləcəyi fəaliyyət  istiqamətlərindən “sherg.az”a danışıblar. P.Hüseyn bildirib ki, BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı müəyyən rezidentlər var: 

“Qurumun bu istiqamətdəki faəliyyəti həmin sənədlərdə konkret ifadə olunub.Ukrayna tərəfin bura  müraciəti ilk növbədə  hazırda tərəflər arasında  elan edilmiş atəşkəs və ona əməl olunması ilə bağlıdır. Digər tərəfdən BMT-nin mandatında olan sülhməramlı qüvvələrin səlahiyyətləri və fəaliyyət istiqamətləri həm rezidentlər, həm də sənədlər şəkilində ifadə olunub. Birinci növbədə bu insanların təhlükəsizliyinin yaradılmasına xidmət edir”.
Onun sözlərinə görə, bütün bunları nəzərə alsaq, BMT hazırda rəsmi Kiyevə  əsasən humanitar  məsələlərdə yardım edə bilər. 

Sabir  Məmmədli isə diqqətə çatdırıb ki, Rusiya Ukraynaya hücum etməklə dünya birliyini çox çətin vəziyyətə qoyub: 

“Düşünün özü BMT strukturlarında təmsil olunan, burda veto hüququna malik olan dövlət  özü başqa bir ölkəyə hücum edir. BMT sülhməramlılarının hər hansısa bir ölkədə yerləşdirilməsinə ilk növbədə  BMT Təhlükəsizlik Şurası qərar verir. Rusiya da quruma üzvdür. Bu mənada onun bu sülhməramlıların Ukrayna ərazisində yerləşdirilməsinə razılıq verməsi bir qədər çətin görünür. Son günlərin hadisələri Putinin inadkar açıqlamaları onun göstərir ki, Rusiya Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində deyil. Bəlkə, bir müddətdən sonra rəsmi Moskva öz tələblərində bir qədər yumşaqlıq yaradar. Amma indi  belə görünmür”.

Professorun fikrincə, indi Rusiya gözləmədiyi bir müqavimətlə qarşılaşıb və Putin bundan müəyyən nəticələr çıxarsa, BMT sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsinə razılıq verə bilər:

 “Hazırda  dünya birliyi Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarmaq məsələsini qaldırmaq istəyir. Belə olduqda  BMT-nin Nizamnaməsində də müəyyən dəyişikliklər edilməlidir. Bu isə çətin və qısa müddətdə həlli mümkün olmayan məsələdir”.