Rusiya-Ukrayna  prezidentlərinin görüşü! - Razılaşma əldə olunacaqmı?

Martın 7-də Rusiya və Ukrayna arasında danışıqların 3-cü raundu  baş tutub. Müzakirələr nəticəsində humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlərin olduğu vurğulanıb.Görüşdə atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib.Tərəflər arasında danışıqların dördüncü  mərhələsinin  isə yaxın günlərdə baş tutacağı gözlənilir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,politoloq Samir Hümbətov  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, geridə qalan üç raundda böyük nəticələr əldə olunmayıb: 

“Burda diqqət çəkməli olduğumuz əsas məqam  keçirilən görüşlərdə kimlərin iştirak etməsidir. Həmin şəxslər müdafiə naziri, xarici işlər nazirinin müavini  və s. rəsmilər olur.
Bu onu göstərir ki,tərəflər arasında  keçirilən  görüşlər müvəqqəti atəşkəsin yaradılmasına hesablanıb. Ona görə də dördüncü raundda da münaqişə ilə bağlı müsbət razılaşma əldə olunmayacaq”. 

Politoloqun qənaətincə, indiki məqamda Ukrayna xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovun  “Antalya Diplomatiya Formu”unda  keçiriləcək görüşlərindən  pozitiv nələrsə gözləmək mümkündür:

 “ Eyni zamanda Putinin Türkiyəyə gözlənilən səfərindən də nəsə nəticə əldə etmək olar. Ümumilikdə isə düşünürəm ki, hazırkı münaqişəyə əsas təsiredici qüvvə Rusiya və Ukrayna  prezidentlərinin görüşü ola bilər”.