İsrail-Türkiyə münasibətləri yeni DİZAYNDA:“Yeni dünya düzəninin yaranmasında...”

Martın 9-da Ankarada Türkiyə prezidenti Rəccab Təyyaib Ərdoğanla İsrail dövlət başçısı İsaak Hersoq arasında görüş baş tutub. Görüş sonrası liderlər birgə mətbuat konfransında çıxış ediblər. İsrail dövlət baçısı bildirib ki,İsrail və Türkiyə əməkdaşlığı bölgəyə kəskin şəkildə təsir edəcək: 
“Bu dövlətlər arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, regionun xeyrinə olacaq".

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev  hazırda müsbətə doğru irəliləməkdə  olan Türkiyə-İsrail münasibətlərindən “sherg.az”a danışıb. Professor qeyd edib ki, İsrail prezidentinin Türkiyəyə səfəri çox önəmli məsələdir:

“Yaxın və  Orta  Şərqin siyasi xəritəsinin formalaşmasında hər iki ölkənin rolu böyükdür.Yeni dünya düzəninin yaranmasında da İsrail-Türkiyə münasibətinin yaxşı olması çox vacibdir. Bir müddət  öncə Qərb xüsusilə də Fransa və ABŞ onlar arasında qarşıdurma yaratmaqla öz siyasətlərini həyata keçirdilər.

 “Ərəb baharı”adı  ilə müsəlman dövlətlərində soyqırımı həyata keçirib onları bir-birinə qırdırdılar. Bu müddət ərzində  həm Türkiyənin, həm də İsrailin siyasi cəhətdən müəyyən itkiləri oldu.

Onlar bir yerdə daha güclü idilər. İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması dünya siyasətinin formalaşması üçün də mühümdür. Çünki  indi dünyanın maliyyə və  informasiya sisteminə İsrailin çox böyük təsir imkanları var”.

C.Nuriyev  Prezident İlham Əliyevin Türkiyə-İsrail münasibətlərinin normallaşmasındakı roluna diqqət çəkib:

 “Azərbaycan liderinin tərəflər arasındakı əlaqələrin yaxşılaşamasındakı rolu danılmazdır. Hər iki ölkəyə eyni cür münasibəti bəsləyən dövlət  baçımız bu ölkələrin dost olmasına cəhd edirdi. Artıq həmin cəhdlər öz müsbət nəticəsini verdi. Hətta Türkiyə-İsrail münasibətləri gərginləşəndə belə rəsmi Bakı hər iki ölkə ilə münasibətləri eyni qaydada qoruyub saxladı”. 

Ekspertin qənaətincə, hazırda düzəlməkdə olan Türkiyə-İsrail əlaqələri bundan sonra daha yeni məcraya yönələcək və bundan Azərbaycanın da müəyyən siyasi dividentləri olacaq.