Gözlənilən Putin-Zelenski görüşü: “Rusiyanın qüvvəsi tükənir...” – Masanın zəif bəndi...!

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu martın 13-də mətbuat konfransı keçirib. O konfrans zamanı martın 6-da Rusiya prezidenti Valdimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında  olan telefon danışığına diqqət çəkib. 

M.Çavuşoğlu bildirib ki, danışıq zamanı Putin Ərdoğana Ukrayna prezidenti Zelenski ilə görüşməyinin əleyhinə olmadığını söyləyib: 

“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib.Ukrayna tərəfi də hazırdır”.

Hərbi-siyasi ekspert Həşim Səhrablı gözlənilən Putin-Zelenski görüşündən “Sherg.az”a danışarkən bildirib ki, hazırkı stiuasiyada tərəflərin  yaxın günlərdə görüşməsi mümkün görünmür: 

“Bu ən azı bir həftə və ya on gün sonra ola bilər. Çünki yalnız bu müddət ərzində tərəflərdən biri  müharibədə qalib gəlmə imkanlarının doğru dəyərləndirməsini aparacaq.

 Artıq müharibədən 15 gündən çox zaman keçib. Tərəflər hardasa ikisi də eyni nisbətdə davam edirlər. Hazırkı duruma uyğun olaraq hansı tərəfin məğlub, hansının qalib olacağını demək çətindir. Döyüşlər son günlər belə davam edəcək. Sonra isə tərəflərdən biri artıq qalib gəlmə ehtimalının zəifliyini başa  düşəcək. Belə olduqda prezidentlərin görüşlərini gözləmək mümükündür”.

Ekspertin  fikrincə, tərəflər arasında baş tutması ehtimal olunan görüş  yekun nəticələrin əldə edilməsinə istiqamətlənmiş bir qarşılaşma olacaq: 

“Burda da tərəflər bir-biri ilə kompromisə girərək ,bir-birinə güzəştlər edərək yekun nəticələr əldə edəcəklər. Amma hər an mövcud vəziyyət dəyişə də bilər. Hazırda  Rusiyanın imkanları nə qədər məhdudlaşmağa doğru getsə də, son günlər onun Çindən və digər ölkələrdən hərbi dəstək istəməsi ilə bağlı xəbərlər eşidirik. Bunlar rəsmi məlumatlar olmasa da, Kremlin belə bir addım atması mümkündür. Çünki hücum edən tərəf  Rusiyadır. 

Döyüş qayadalarına görə də hücum edən tərəfin qüvvələri müdafiə olunan tərəfin qüvvələrindən daha tez tükənir. Hazırkı durumda Rusiyanın qələbə qazanması üçün onun indikindən üç və ya dörd dəfə daha artıq canlı və texniki qüvvə ilə hücuma keçməsi lazımdır. Onun hərbi gücü isə buna imkan vermir. Bilirik ki, Rusiyanın öz əraziləri də böyükdür.

 O öz sərhədlərini də nəzarətsiz buraxa bilməz”. H.Səhrablının qənaətincə,cəbhədə hansı tərəf güclü olacaqsa, masaya da həmin ölkənin rəhbəri daha sağlam oturacaq:

 “Nəticədə həmin  güclü tərəfin istəkləri daxilində müzakirələr davam etdiriləcək”.