Bu, Fransanın, Amerikanın və Rusiyadakı müəyyən qüvvələrin düşüncəsinin məhsuludur
Ermənistan tərəfi Azərbaycanın iki ölkə arasında sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipləri təklifinə cavab verib. Rəsmi İrəvan müzakirələrə hazır olduğunu bəyan edərək, Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrliyinə müraciət etdiyini açıqlayıb. Yəni İrəvan hökuməti rəsmi Bakının 5 şərtinə “ATƏT-in Minsk qrupu” ilə qarşılıq verib. Ermənistan tərəfi vurğulayıb ki, proses Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməlidir.
İrəvanın məqsədi Qarabağda məskunlaşan azsaylı erməni əhalisinə öz müqəddəratını təyinetmə hüququnu verməkdir.
Ermənistan yenidən niyə Minsk qrupunun dirçəldilməsini istəyir?
Məsələni “Şərq”ə dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu Madrid prinsiplərinin müddəaları ilə əsaslandırıb:
“Ermənistan tərəfi baza prinsiplərinə cavab verdi. Əsaslandırdı ki, xalqların öz müqəddəratını həll etməyə yönəlik çağırışlar öz əksini tapmayıb. Daha sonra vasitəçi tərəf kimi ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması məsələsini gündəmə gətirdilər.
2019-cu ildə Madrid prinsiplərinin qəbul edilmiş yekun müddəalarında nəzərdə tutulan bir qayda var. Bu, bölgənin taleyi ilə bağlı referendum keçirilməsi və xalqların öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlıdır”.
Ekspert onu da qeyd edib ki, bu müddəalar Qarabağda yaşayan ermənilərə aid edilə bilməz:
“BMT-nin digər prinsipi dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı məsələsini meydana çıxarır. Azərbaycan xalqı öz müqəddəratını təyin edib respublika yaradıb. Erməni xalqı da eyni şəkildə öz respublikasını qurub. Lakin Qarabağda yaşayan ermənilər etnik azlıq olduğu üçün belə bir haqq onlara şamil edilmir. Eyni zamanda ATƏT-in Minsk qrupunun üzvləri bölgədə qarşı cəbhələrdə yer alırlar.
Bununla yanaşı, həmin ölkələr fərqli maraqlar çərçivəsində bölgəyə daxil olmaq və Azərbaycanın əldə etdiyi qələbədə müəyyən manipulyasiyalar etmək istədiklərinə görə bu məsələni yenidən gündəmə daşıdılar.
Bu təkcə Ermənistan ağlı deyil. Onun arxasında duran Fransanın, Amerikanın və Rusiyadakı müəyyən qüvvələrin düşüncəsinin məhsuludur”.