Əlimizə fürsət düşüb! – “Anti-Ermənistan dalğası yaradılsın”

Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması Donbasda Ukraynaya qarşı döyüşmək üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Bu barədə Ermənistanın “Past” qəzetində məlumat verilib.Nəşrin məlumatına əsasən ,dəstə başçısı Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib.

Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “sherg.az”a danışarkən bildirib ki, məsələ Avropada hansısa anti-Ermənistan bir mövqe yaratmayacaq: 

“Çünki Azərbaycana və Türkiyəyə ümumlikdə isə müsəlman ölkələrinə qarşı Avropada qərəz var. Heç bir obyektiv yanaşma ilə bu qərəzin qarşısını almaq olmaz. Uzaqbaşı rəsmi İrəvan bundan boyun qaçıracaq. Deyəcək ki, “Erməni qartalları” hansısa bir terrorçu qruplaşmadı və onun Ermənistana heç bir aiddiyəti yoxdur. Rəsmi İrəvan bu məsələdə neytral durur. Bununla da məsələ bağlanacaq”.

Politoloq diqqətə çatdırıb ki, eyni hal Azərbaycanla bağlı olsa, Azərbaycanda özünü hansısa qruplaşma Ukraynaya hücumunda iştirak üçün Rusiyaya müraciət etsə idi, o zaman bu yaxşı bir anti-Azərbaycan dalğası yaradardı: 

“Əslində indi bizim əlimizə fürsət düşüb.Belə məqamdan Azərbaycan diplomatiyası, Azərbaycan lobbisi, Avropada yerləşən konsulluqlarımız, diplomatik nümayəndələrimiz anti-Ermənistan dalğası yaratmaq üçün istifadə etməlidirlər.Uğurlu olub- olmamasından asılı olmayaraq ən azından buna cəhd göstərilməlidir”.