Lukaşenko fərqindədir! - "Rusiyanın zəifləyəcəyi zaman o təklənəcək"

"Ona görə də Belarus özünə belə ciddi problemlər yaratmaq istəməz"

Ukrayna Müdafiə Nazirliyindən  Belarusun Ukrayna sərhədlərinə hərbi texnika topladığı bildirilib: " Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır". NATO da hesab edir ki, Vladimir Putinin dəstəyə ehtiyacı olduğu üçün Belarusun münaqişəyə qoşulma ehtimalı artır. Bu barədə Alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər.

Mövcud durumu hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a şərh edib: 

"Hazırda Belarus Ukrayna nöqteyi-nəzərindən müharibəyə qoşulmuş sayıla bilər. Onun öz ərazilərini Rusiya üçün açıq saxlaması da bunu göstərir. Belarusun öz texnika və canlı qüvvəsi ilə birgə Ukraynaya qarşı müharibəyə qoşulmasına gəlincə isə indi bu real görünmür. Müharibənin başladığı ilk gündən belə şaiyələr var. Amma bunun baş verdiyinin  şahidi olmuruq" . 

Ekspert diqqətə çatdırıb ki, Lukaşenko Putindən asılı olsa da, öz iqtidarını rəsmi Moskvadan aldığı dəstək hesabına qorumuş olsa da, istənilən halda o bir Belarus dövlətinin lideridir: 

"Fərqindədir ki, Belarus Rusiya deyil. Onun ölkəsinin strateji olaraq Avropa ilə riskli bölgədə olması Lukaşenkonu bu addımdan çəkindirər. Çünki Rusiyanın zəifləyəcəyi zaman o Avropanın ortasında təklənmiş vəziyyətdə qalar. Ona görə də Belarus özünə belə ciddi problemlər yaratmaq istəməz" .

H.Səhrablı NATO-nun məsələyə münasibətinə diqqət çəkib:

 "Belarus Ukraynaya hücum etsə, NATO yenə də öz üzvlərinin ərazilərinə hərbi müdaxilə edilmədikcə isti müharibəyə qoşulmayacaq. Belarusun Ukraynaya qarşı hücumu belə bunu dəyişməyəcək. 

Hazırda NATO ölkələrinin  İngiltərə , Amerika və s. ayrılıqda Ukraynaya silah yardımı etdiyini görürük. Ola bilsin ki , Belarus Ukraynaya hücuma keçərs, onlar bu yardımı daha da artırsınlar".