Delyaqin Kremlin mövqeyini ifadə edir? –ŞƏRH: “Qarabağda rus sülhməramlıları...”

Rusiya dövlət “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib. Veriliş zamanı Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycana qarşı təhdid dolu çıxış edib. O öz “Telegram” kanalında da Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini barədə sorğu keçirib. 

Politoloq Əhəd Məmmədli bu barədə "Sherg.az"a danışıb:

 "Birinci dəfə deyil ki, belə hal yaşanır. Dəfələrlə Rusiyanın “Vahid” Partiya rəhbərliyi, Rusiya Dövlət Dumasının birinci spikeri və digər rəsmilər səviyyəsində  bu cür ittihamlar səsləndirilib.

 İndi də eyni şəkildə Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini belə bir çıxış etdi. Biz bunu Rusiyanın Azərbaycana qarşı mövqeyi kimi qiymətləndirməliyik". 

Politoloq diqqətə çatdırıb ki, hadisə Azərbaycanın Ukraynaya dəstəyinə görə, Ukrayna dövlət başçısı Zelenskinin Prezident İlham Əliyevə zəng edib təşəkkür etməsinin Rusiya tərəfindən narazılıqla qarşılanmasını göstərir: 

"Eyni zamanda bu Azərbaycanın indiki məqamda Qarabağ ərazisində rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə öz yurisdiksiyasını qaytarmaq cəhdinin Rusiya tərəfindən birmənalı qarşılanmadığına sübutdur" .