Putin “nəfəsini dərir“! – Ukraynaya yenidən hücum...” – Sonu başlayır!

“Rusiya Kiyev ətrafında olan döyüşlərdə ağır məğlubiyyətə uğrayıb və indi ona “ikinci nəfəs”in açılması üçün vaxt lazımdır”
“O atəşkəsə əməl etsə, sülh imzalasa, döyüşü davam etdirsə belə bu, onun siyasi hakimiyyətinin sonu olacaq"
"Rusiyanın bu cür aldadıcı manevrlərinə nə Ukrayna, nə də Qərb inanacaq"


Martın 29- da CNN ABŞ rəsmilərinə istinadən Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilməyə, cənub və şərqdəki mövqelərdə cəmləşməyə başladığına dair məlumat yayıb: "ABŞ rəsmiləri döyüş şərtləri uyğun olarsa, Rusiyanın öz ordusunu həmişəlik geri qaytara biləcəyini düşünür" . 

Politoloq Azər Rəşidoğlu bu barədə "Sherg.az"a danışarkən bildirib ki, Rusiya Kiyev ətrafında olan döyüşlərdə ağır məğlubiyyətə uğrayıb və indi ona “ikinci nəfəs”in açılması üçün vaxt lazımdır:

 "O vaxtdan səmərəli istifadə etmək istəyir. Fikrimcə, yaxın vaxtlarda Rusiya yenidən hücuma keçəcək. Artıq Putin Rusiyanı elə bir hala salıb ki, istənilən variant ölkəni iflasa aparacaq. O atəşkəsə əməl etsə, sülh imzalasa, döyüşü davam etdirsə belə bu, onun siyasi hakimiyyətinin sonu olacaq". 

Ekspert hazırda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara diqqət çəkib:

 "Bu sanksiyaların atəşkəsin elan olunması və ya Rusiyanın mövqelərindən geri çəkilməsi ilə bağlılığı yoxdur. Kreml bütün beynəlxalq hüquq normalarını pozduğuna görə dünyanın aparıcı şirkətləri, o cümlədən Qərb ona qarşı sanksiyalar tətbiq edir" . 

A.Rəşidoğlunun sözlərinə görə, analoji sanksiyaların davam edəcəyini və daha da güclənəcəyini gözləmək olar: 
"Rusiyanın bu cür aldadıcı manevrlərinə nə Ukrayna, nə də Qərb inanacaq".