Tofiq Abbasov: "Əvvəlcə gərək Donetsk, Luqansk və Ukraynanın digər bölgələrində sülh bərqərar olunsun"
"Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. Krım Rusiya Federasiyasının bir hissəsidir".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin, regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb”, - Kremlin sözçüsü vurğulayıb.
Dmitri Peskovun açıqlamasını “Şərq”ə şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Krımla bağlı faktiki olaraq Rusiya vaxtilə burada referendum keçirib və əhalinin 90 faizə qədəri birləşməyə razılıq verib:
“Bu məsələlərin hamısı mahiyyətini itirib. Hazırda Ukrayna ərazisində müharibə baş verir. İndi Donetsk və Luqansk vilayətlərinin müqəddəratı gündəmdədir. Krım isə artıq diqqətdən kənarda qalıb. Hüquqi baxımdan Rusiya Krım məsələsinin beynəlxalq qanunvericilik baxımından özünəməxsus həll yolunu tapdı.
Ukraynanın yanında olan qüvvələr Krım məsələsinə qayıtmırlar.
Əvvəlcə gərək Donetsk, Luqansk və Ukraynanın digər bölgələrində sülh bərqərar olunsun və lazımlı məsələlər həllini tapsın. Ancaq Krım məsələsinin gündəmə gələcəyinə inanmıram.
Çünki Krımda yaşayan insanların əksəriyyəti Rusiya mənşəlidir. Eyni zamanda burada yaşayan Ukrayna vətəndaşları da şəxsiyyət vəsiqələrini Rusiya ilə yenidən tərtib ediblər. İndiki konnekturada bu məsələ vacib deyil.
Rusiya və Ukrayna ilə bağlı sülh müqaviləsi çərçivəsində ilk növbədə atəşkəs elan olunmalıdır. Bundan sonra dəqiqləşdirilməlidir ki, onlar nəyin uğrunda döyüşürlər. Çünki Rusiya hücum, Ukrayna isə müdafiə mövqeyindədir. Bunların nəticəsində isə mülki vətəndaşlar həlak olur. Eyni zamanda hər iki tərəf əsgər və zabitlərini itirir. Buna görə də gərək beynəlxalq qüvvələr atəşkəsin əldə olunması üçün prinsipial mövqelərini sərgiləsinlər”.