Araşdırma aparılacaq! - “Ermənistanın vəziyyəti gərginləşdirəcəyinə dair narahatlıqlar var” 

Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyev Polşa XİN başçısına 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşikliklər törətdiklərini, tarixi,dini,mədəni abidələri və digər tikilələri dağıtdıqlarını bildirib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu deyib. Z.Rau  isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd edib ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Millət vəkili Asim Mollazadə bu barədə “Sherg.az”a danışarkən bildirib ki, səfər təkcə ATƏT-in sədriliyi ilə deyil, eyni zamanda, Azərbaycan Polşa münasibətləri ,rəsmi Bakının Ukraynaya humanitar yardım etməsi ilə bağlıdır:

 “Həmçinin ATƏT-in sədri bölgədə  stabilliyi pozmaq istəyən qüvvələrin fəaliyyəti barəsində məlumatlandırılıb. Bununla bağlı Polşa Xarici İşlər Nazirliyi çox ciddi araşdırmalar aparacaq. Hazırda  Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirəcəyinə dair narahatlıqlar var”. 

 A.Mollazədə Azərbaycan-Polşa münasibətlərinə diqqət çəkib:

 “İndi bu münasibətlər müsbət istiqamətdə inkişaf edir və siyasi, iqtisadi sahədə əməkdaşlığa açıqdır. İndi Polşa şirkətləri Qarabağa böyük qayıdış layihəsində iştirak etmək, öz mütəxəssislərini bu bölgədə minaların təmizlənməsi prosesinə cəlb etmək istəyir. Düşünürəm ki, Polşa XİN başçısının ölkəmizə səfəri bu məsələyə də müsbət təsir göstərəcək”.