Tural İsmayılov: "Pakistanın daxilində müəyyən xaotiklik elementi yaratmağa çalışırdılar"
Pakistanın Baş naziri İmran Xan ölkə parlamentinin buraxılmasından sonra istefaya göndərilib.
Bu barədə məlumatı Pakistanın Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Məlumata görə, İmran Xan ölkənin müvəqqəti Baş naziri təyin olunana qədər öz vəzifəsini icra etməyə davam edəcək.
Qeyd edək ki, aprelin 3-ü Pakistan Prezidenti Arif Alvi Baş nazirin təklifi əsasında parlamenti buraxıb.
Yaxın günlərdə Pakistanda səfərdə olan politoloq Tural İsmayılov Baş nazirin istefasını və ölkədəki hazırkı vəziyyəti “Şərq”ə şərh edib.
Onun sözlərinə görə, İmran Xan təkcə Pakistan yox, ümumilikdə həmin coğrafiya üçün kifayət qədər xarizmatik lider hesab olunur:
“O, Pakistanın baş naziri olduqdan sonra ölkəsinin regionun güclü dövləti kimi nüfuzunu daha da artırdı. Bu yaxınlarda mən özüm də Pakistanda səfərdə idim və ünsiyyətdə olduğum pakistanlıların İmran Xana böyük rəğbətini müşahidə etdim.
O, ölkəsinin heç vaxt xarici güclərə kölə olmayacağını vurğulayıb. Baş nazirin öz milli dövlətçiliyi baxımından bu qədər qəti və sabit mövqe sərgiləməyi xarici gücləri narahat edirdi. Bu baxımdan, Pakistanın daxilində müəyyən xaotiklik elementi yaratmağa çalışırdılar.
Lakin bütövlükdə Nazirlər Kabinetinin buraxılmasından sonra baş nazirin istefa verməsi labüd idi. Ancaq yenə də növbəti seçkilərə qədər baş nazir vəzifəsini İmran Xan icra edəcək. Sonrakı dövrdə də onun seçkilərə yenidən qatılacağını düşünürəm. Çünki yüz minlərlə insanın iştirakı ilə keçirdiyi mitinqlərdə tərəfdarlarının kifayət qədər çox olduğu aydın görünürdü”.
Politoloq onu da qeyd etdi ki, Pakistanın daim güclü və sabit olmağı digər müsəlman ölkələri və xüsusən strateji əlaqələri olan Azərbaycan üçün də əhəmiyyətlidir.