Le Pen Putinin dostudur: “Fransızlar Makrona səs verəcəklər” 


“Makron kimi uğursuz bir siyasətçinin yenidən prezident seçilməsi, Fransanın gələcəyi üçün xoş heç nə vəd etmir”


Aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu başlayıb. Seçkilərdə 12 namizəd iştirak edib,o cümlədən Fransanın hazırkı Prezidenti Emmanuel Makron ikinci müddətə namizədliyini irəli sürüb. Onun əsas rəqibi “Milli Assosiasiya”nın namizədi, deputat Marin Le Pendir.

 Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərinin birinci turunda səslərin 80 faizini hesablayıb. Qurumdan E.Makronun səslərin 27,31 faizini,Marin Le Penin isə 25,70 fazini topladığı bildirilib.Qeyd edək ki, Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. İkinci turda iki namizəd mübarizə aparacaq.

Politoloq Natiq Miri hazırda Fransada keçirilən prezident seçkiləri ilə bağlı “Sherg.az”a danışıb:

“İndi E.Makronun birinci dərəcəli rəqibi olan deputat Marin Le Pen prezident seçilərsə,bu nə Fransa, nə Avropa Birliyi, nə də Cənubi Qafqaz  üçün xoş olacaq.  Bildiyimiz kimi Le Pen Avropa Birliyinin dağılmasından yana bir siyasətçi, ruspərəst və Putinin dostudur. O,keçən prezident seçkilərində də seçki prosesini aparmaq üçün Rusiyadan beş milyon dollar rüşvət almışdı. Bu onu göstərir ki Le Pen Avropa məkanı üçün təhlükəli siyasətçidir. 

Politoqun fikrincə, E.Makron öz ölkəsi üçün o qədər də uğurlu siyasətçi deyil:

 “Makron həm iqtisadi, həm siyasi, həm də geosiyasi yöndə bir çox cəhdlər etməyə çalışsa da, uğur əldə edə bilmədi. Doğrudur, son zamanlar sosial istiqamətdə  müəyyən müsbət siyasət yürütməyə çalışdı. Bu da tam şəkildə baş tutmadı. Fransada qırx və ondan yuxarı yaş qrupuna məxsus insanlar müharibədən qorxurlar. 

Onlar Le Pen kimi sağçı, rusyönümlü bir  siyasətçinin qələbə çalmasından ehtiyat edirlər. Buna görə prezident seçkilərinin ikinci turunda da onlar çox da arzulamasalar belə, E.Makrona səs verəcəklər”.

 N.Mirinin sözlərinə görə, E.Makron kimi uğursuz bir siyasətçinin yenidən prezident seçilməsi, Fransanın gələcəyi üçün xoş heç nə vəd etmir:

“Bu ölkənin hazırkı faciəsi indiki seçkilərdə prezidentliyə real  ciddi nazmizədlərin olmamasıdır”.