Əliyevlə Putin danışdı! – Şərh: “Növbəti görüş Moskvada ola bilər”

 “Amma bunun yaxın zamanda baş tutacağı hazırda inandırıcı görünmür”

“İndi Rusiyanın başı Ukraynaya qarışıb. Rusiyaya qarşı sanksiyalar həddən artıq çoxdur”

“Onun bu müharibədən salamat çıxması müzakirə olunur”


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət əsnasında aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması,sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi,həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə danışılıb.

Siyasi elmlər doktoru, Politoloq Cümşüd Nuriyev  liderlərin telefon danışığını “Sherg.az” şərh edib:

 “Azərbaycan Rusiya ilə əməkdaşlıq siyasəti yürüdür. Bütün hallarda biz qonşu dövlətlərlə yaxşı münasibətlər saxlayırıq. Doğrudur, ölkə olaraq həm iqtisadi, həm mədəni cəhətdən Avropaya inteqrasiya etməliyik. Amma eyni zamanda Rusiya ilə münasibətimizi qoruyub saxlamalıyıq. Ona görə də ölkə liderlərinin belə telefon danışıqları diplomatiyada qəbul olunan haldır”.

  Politoloqun qənaətinə görə, Rusiya Azərbaycan-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda tərəf kimi çıxış etdiyi üçün ölkə başçımız həm diplomatik etiketi gözləmək,həm də qonşuluq münasibətlərini yaxşı saxlamaq üçün Brüssel görüşündən sonra onunla əlaqə saxlayıb:

“Düzü bu görüşün Rusiyada hansısa təlaş yaratdığına inanmıram. Xatırladım ki, görüşdə Ermənistanın ATƏT-in sədrlərini yenidən diriltmək taktikası baş tutmadı. Avropa İttifaqı da bunda maraqlı deyil. Rusiya isə özü birbaşa prosesdə iştirak etdiyi üçün ATƏT-in varlığı ya yoxluğu onun üçün o qədər də önəmli kəsb etmir”.

 C.Nuriyev diqqətə çatdırıb ki, Azərbaycan-Ermənistan tərəfləri arasında növbəti görüş Moskvada ola bilər:

“Amma bunun yaxın zamanda baş tutacağı hazırda inandırıcı görünmür. İndi Rusiyanın başı Ukraynaya qarışıb. Rusiyaya qarşı sanksiyalar həddən artıq çoxdur. Onun bu müharibədən salamat çıxması müzakirə olunur”.