Ermənilər hansı dövlətin qurbanlıq qoyunudur? – “Ünvan bəllidir: Rusiya”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan danışıb.
O qeyd edib:
“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.
Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.
N.Paşinyan qeyd edib ki, əsas döyüşlər Şuşa uğrunda gedib:

“Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkünsüz idi. Mən bu barədə dəfələrlə demişəm”.

“İfadəmə görə üzr istəyirəm, biz yol açırıq ki, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibə olub-olmayacağına qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və  nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz bir ölkəyik, axur yox. Müxtəlif yerlərdə bizi neçə dəfə və necə kəsəcəklərinə və ya bağışlayacaqlarına qərar verəcəkləri qurbanlıq qoyun deyilik,  vətəndaşıq”, - deyə Paşinyan bildirib.

 “Sherg.az” xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, polotoloq Elxan Şahinoğlu N.Paşinyanın açıqlamasına münasibət bildirib:

 “Ermənistanın baş naziri N.Paşinyan arda-arda ikinci gündür ki, öz cəmiyyətinə reallıqları anlatmağa çalışır. O, dünən Qarabağın “müstəqil” olmayacağını, yalnız Azərbaycanın deyil, beynəlxalq aləmin də buna imkan verməyəcəyini səsləndirib. Lakin N.Paşinyan  parlamentin bugünkü iclasında “erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır” ifadəsini işlədib. “Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtması üçün çalışdığımızı deyirəm”  deyə bildirən Paşinyan hansı dövlətin qurbanlıq qoyunu olduqlarını açıq deməyib. Ancaq ünvan bəllidir: Rusiya”.